Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.07.2021

İctimai Şuradan gözləntilər Onlar cəmiyyəti narahat edən problemlərin həllində öndə olmalıdırlar

Polislə cəmiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə Daxili İşlər Nazirliyi yanında yaradılmış İctimai Şuranın yeni üzvləri ilə artıq əməli addımlar atılmağa başlanılıb. Elə bugünlərdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib. İclasda iştirak edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev İctimai Şura üzvlərinə vəsiqələr təqdim edib.

Daxili İşlər Nazirliyinin son dövrlərdə gördüyü işlər, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən uğurlu əməliyyatlar barədə geniş məlumat verən nazir müavini İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib, qaldırılan məsələlərin hər birinin ciddi şəkildə araşdırılacağını vurğulayıb.
Bundan başqa, iclasda bir sıra vacib məsələlər barədə qərarlar qəbul olunub.
Hər ilin hesabat dövründə üstü açılan cinayətlərlə bağlı səsləndirilən statistik rəqəmlər, əslində, vətəndaşların polislə işbirliyinin göstəricisi, həm də polislə cəmiyyət arasında əlaqələrin qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin qarşılıqlı etimad formasında təzahürüdür.
Bunun nəticəsidir ki, bu gün cəmiyyət polisi əmin-amanlığı, təhlükəsizliyi, sakit həyat tərzini qoruyan əsas sipər kimi görür. Ancaq dəyişən dünyanın tələbləri cəmiyyətlə münasibətlərin daha da yüksəldilməsini diktə edir və bu zaman ictimai şuralar kimi təsisatlar köməyə yetir. Bu baxımdan DİN yanında İctimai Şuradan həm polisin, həm də cəmiyyətin gözləntiləri böyükdür. Onlara təqdim edilən vəsiqələr də iftixar doğurmaqla yanaşı, üzərlərinə cəmiyyətin və polisin gözləntilərini doğrultmaq öhdəliyi qoyur.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova hesab edir ki, Şura üzvləri peşəkar qurum rəhbərləri və mütəxəssislərdən ibarət olduğuna görə bu gözləntiləri doğrultmaq, polislə cəmiyyət arasında qarşılıqlı inam hissini artırmaq çətin olmayacaq. Onun sözlərinə görə, Şura kriminal meyillərə qarşı polisə daha ciddi ictimai dəstək vermək məqsədilə qarşıdakı günlərdə silsilə maarifləndirici tədbirlərə start verməyi planlaşdırır. Xüsusən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə birgə mübarizə prioritet olacaq: “Biz bu məsələ ilə bağlı Şura adından bir neçə bəyanatla çıxış edəcəyik. Əminəm ki, qarşımızda duran vəzifələri həyata keçirmək üçün DİN yanında İctimai Şura digər qurumlarda yaradılan şuralardan daha aktiv və məhsuldar fəaliyyət göstərəcək.”,-
deyə Mahirə Əmirhüseynova bildirib.

Şurada təmsil olunan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qənaəti isə belədir ki, Şura cəmiyyətdə, ictimaiyyətdə narahatlıq doğuran və həllini gözləyən problemlərlə məşğul olmalıdır. Məsələn, məişət zorakılığı ilə bağlı ictimai müzakirələr aparılmalı, polis orqanlarına konkret təkliflər verilməlidir. Onun sözlərinə görə, polis insan alverinə qarşı mübarizədə böyük uğur əldə edib və məişət zorakılığı ilə bağlı da ciddi dəyişikliyə nail ola bilər. O, hesab edir ki, şuranın da iclasında təklif etdiyi kimi, polis idarələrində məişət zorakılığı ilə bağlı müraciətləri araşdıran ayrıca əməkdaşlar olmalıdır. Onun sədr-
lik etdiyi qurum bununla bağlı təlimlər də keçirə bilər: “Biz yeni bir layihə ilə bağlı artıq Daxili İşlər Nazirliyinə müraciət etmişik. Bu narkotik istifadəçiləri arasında qadınların artması ilə bağlıdır. O qadınların həyatını əks etdirən foto və videolar əsasında narkomaniya dəhşətlərini ictimaiyyətə çatdırmağı hədəfləyirik”.

Rəşad Mehtiyev
polis baş serjantı





Çap et  Çap et