Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.07.2021

Təhlükəsizlik əsas vəzifədir "Təhlükəsiz Şəhər"in kameraları gecə-gündüz fəaliyyətdədir

Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsində son elmi-texnoloji yeniliklərin tətbiqi ölkəmizdə sabitliyin təmin edilməsinə əvəzsiz töhfə verir. DİN-in "Təhlükəsiz Şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi müxtəlif qanun pozuntularına, cinayətlərə, fövqəladə vəziyyətlərə çevik reaksiya verən belə əsas innovativ vasitələrimizdən sayılır.
2009-cu ildə istifadəyə verilən "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi ictimai təhlükəsizliyə nəzarəti daha da gücləndirmək məqsədi ilə yaradılıb.
Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətinin rəis müavini, polis polkovniki Fərhad Mehdiyev qəzetimizə bildirib ki, "Təhlükəsiz Şəhər"in müxtəlif təyinatlarla quraşdırılan kameraları 360 dərəcə hərəkət etməsi və yaxud yalnız bir istiqaməti göstərməsi ilə fərqlənirlər. Texniki göstəricilərindən asılı olaraq elektron müşahidə vasitələri obyekti bir neçə dəfə yaxınlaşdıra bilir. Bu da axtarışda olan nəqliyyat vasitəsinin və ya şəxsin üz cizgilərinin aydın təsbit olunmasına kömək edir.

O, həmçinin qeyd edib ki, "Təhlükəsiz Şəhər" cinayətlərin açılması və vətəndaşların hüquqa-zidd əməllərdən qorunması üçün gecə-gündüz fasiləsiz xidmət göstərir. Baş verən hadisə kameralar vasitəsilə çəkilir və məlumat ərazidəki ən yaxın polis orqanına göndərilir. Bütün görüntülər arxivə ötürülür. Arxivin saxlanma müddəti 30 gündür. Bundan sonra, arxivdəki görüntülər avtomatik olaraq silinir. Bu vaxta qədər isə əgər cinayət baş verən hadisə barədə sorğu daxil olursa, həmin görüntülər istintaqa təqdim edilir.
Yeri gəlmişkən, bu ilin 6 ayı ərzində “Təhlükəsiz Şəhər”in müşahidə kameraları vasitəsilə 9 min 224 hadisə qeydə alınıb. O cümlədən, 8 min 658 avtomobil qəzası, 175 piyada vurulması, 109 yanğın, 89 asayişin pozulması və 193 digər hadisənin videoqeydiyyatı aparılıb.

Bundan başqa, nömrətanıma funksiyalı videogörüntülər vasitəsilə axtarışda olan 10 nəqliyyat vasitəsi saxlanılıb. Təhlükəsiz Şəhər Xidməti və ərazi polis orqanları ilə birgə aparılmış araşdırmalar nəticəsində 116 oğurluq, 19 narkotiklə bağlı, 18 soyğunçuluq, 18 avtomobil qaçırılması, 12 dələduzluq, 9 qəsdən sağlamlığa ağır zərər vurma, hərəsi 5 fakt olmaqla quldurluq, qəsdən adam öldürmə, xuliqanlıq kimi ağır cinayət hadisələrinin, ölüm və xəsarətlə nəticələnən 46 yol nəqliyyat hadisənin üstünün açılması da təmin edilib. Bu sistem vasitəsi ilə axtarışda olan 12 nəfər tutulub.

Qeyd edək ki, təhlükəsiz şəhər sistemi, MDB məkanında ən yüksək səviyyədə məhz Azərbaycanda qurulub. Qardaş Türkiyənin "Ekin" texnoloji şirkətinin quraşdırdığı elektron müşahidə sisteminin effektiv şəkildə tətbiq edilməsi üçün DİN mütəxəssisləri müxtəlif ölkələrin təcrübəsini öyrəniblər. Əvvəllər təhlükəsiz şəhərin kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı. Hal-hazırda isə həm kameraların sayı artırılıb, həm də xidmət daha keyfiyyətli kamerlarla təchiz olunub. Xüsusən, üztanıma proqramları ilə təmin edilmiş kameralar gecə saatlarında istər işıqlandırılmış, istərsə də işıqlandırılmamış küçələrdə effektiv görüntü ala bilir.

“Təhlükəsiz Şəhər”in “gözləri” nəinki Bakı və ətraf kəndləri, ölkənin strateji əhəmiyyət daşıyan şəhərlərini də "görür". Hətta Vətən müharibəsi dövründə Ermənistanın sərhədyanı yaşayış məntəqələrini atəşə tutması da təhlükəsiz şəhər sisteminin kameraları vasitəsilə qeydə alınıb. Bu kameraları birləşdirən xətlər görüntünün tam təhlükəsiz şəkildə ötürülməsini təmin edir.
Fərhad Mehdiyevin sözlərinə görə, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” və "102" Xidmətinin iş prinsipini öyrənmək və tətbiq etmək üçün Belərus, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və hətta avropa ölkərindən nümayəndə heyətləri dəfələrlə ölkəmizdə səfərlərdə olublar. Təbii ki, həmin ölkələrdə də elektronlaşdırılmış təhlükəsizlik sistemi var, ancaq Azərbaycanda faktların təhlil edilməsi, uçot-qeydiyyat işi, hadisələrin nəticəsi barədə operativ məlumatların toplanması və rəhbərliyə məruzə edilməsi kimi prosedurlar, sözün yaxşı mənasında, nümayəndə heyətlərində hər zaman heyrət doğurub.

 





Çap et  Çap et