Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.07.2021

Döyüşən oğullarımızı tanıyaq Vətən sınağından üzüağ çıxanlar

Şuşanın düşməndən yüngül silahlarla, süngü-bıçaqla geri alınması dünya mətbuatının manşeti oldu. Hərbçilərimizin fədakarlığı, verilən tapşırığı yerinə yetirmək, ən ümdəsi, Vətən torpaqlarını azad etmək üçün gözlərini qırpmadan ölümün üzərinə getmələri hərb tarixinə möhürünü vurdu. Xüsusi təyinatlı qüvvələrimizin döyüş təcrübəsi, 30 ildə gücləndirilmiş düşmən sədlərini darmadağın etmələri ən güclü orduları belə heyrətə gətirib. Düzdür, müasir döyüşlərin taleyini müasir silahlar, texnikalar həll edir. Ancaq ürəkli, qorxmaz oğullar yetişdirən xalqın iradəsi, Ali Baş Komandanın qətiyyəti də nəzərdən qaçmamalıdır. Pənah xan yurduna azadlıq gətirən, xalqımıza qələbə bəxş edən fədakar oğullardan biri də çavuş Əlizadə Nicat Elxan oğludur.

Hərbi qulluqçumuz 1994-cü il noyabrın 9-da Şirvan şəhərində doğulub. 2002-2012-ci illərdə Şirvan şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb. 2013-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. O, 2015-ci ilin avqust ayında Daxili Qoşunlarda müddətdən artıq xidmət etmək üçün müraciət edib. Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində radiotelefonçu-atıcı vəzifəsinə təyin olunub. 2017-ci ilin avqust ayında isə xüsusi təyinatlı dəstədə eyni vəzifəyə keçirilib. Vətən müharibəsi başlayana qədər bu vəzifədə xidmət edən qəhrəmanımız xüsusi təyinatlıların sırasında torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qoşulub.
Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda mövqelərimizin müdafiəsi, ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.
Onlar Şuşa istiqamətində hərəkət edərkən düşmənin ağır artilleriya atəşinə məruz qalıblar. Yaralıların və şəhidlərin olmasına baxmayaraq, Şuşa-Xankəndi yolu istiqamətində irəliləyiblər. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək tapşırığı verilib.
Qazimiz Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin iştirakçısı olduğunu bildirdi: “Xankəndi istiqamətindən düşmən tanklardan və ağır artilleriyadan qüvvələrimizi atəşə tuturdu. Şuşa-Xankəndi yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürdük".
O, noyabr ayının 6-da Xankəndi-Şuşa yolunda yaxınlığına düşən mərmi nəticəsində yaralanıb. Qəlpə onun sol əlinin iki barmağını aparıb.

Nicat yaralanan zaman ona Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı gizir Şiraz Həsənovun ilkin tibbi yardım göstərdiyini söylədi.
Qazimiz gözləri önündə şəhid olan silahdaşlarının xatirəsinin heç vaxt unudulmayacağını deyir. Yaralandığı zaman qoşunların “N” saylı hərbi hissəsinin Cəlilabad rayonundakı patrul taborunun xüsusi təyinatlısı baş əsgər Pərviz Həsənovun (ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib) yanında başından aldığı qəlpə yarasından şəhid olduğunu ürək ağrısı ilə qeyd edir.
Nicat yaralanmasına baxmayaraq, Şuşanın işğaldan azad olunduğu günə qədər döyüş bölgəsindən ayrılmayıb. Noyabrın 8-i şəhərin azad olunması xəbərinin Azərbaycan Respublikasının Prezidentinə məruzə edilməsi ona ağrılarını unutdurub.
Hərbi qulluqçumuz noyabrın 8-də Hadruta gətirilib. Şuşa azad edilən günün səhəri - noyabrın 9-da isə Füzuli Rayon Xəstəxanasına aparılıb. Şirvan Xəstəxanasında müalicə alan qazimiz noyabrın 11-dən müalicəsini Daxili Qoşunların Hərbi Hospitalında davam etdirib.
Yeri gəlmişkən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Hərbi Hospitalında müalicə olunan yaralı hərbi qulluqçulara baş çəkərkən çavuş N.Əlizadənin vəziyyəti ilə də maraqlanıb. Nicatın sol əlinin iki barmağının olmamasına baxmayaraq, ona xidmətini polis orqanında davam etdirməsini təklif edib. Hərbi qulluqçumuz bu təklifi minnətdarlıq hissi ilə qəbul edib.

Hazırda polis serjantı Nicat Əlizadə Şirvan Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində xidmətini davam etdirir.
“N” saylı hərbi hissədə “Gürzə” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev dəstədə xidmət etmiş çavuş N.Əlizadənin Vətən müharibəsində tabeliyində olan qrupda döyüşdüyünü bildirdi: “Yüksək iradə və cəsarət nümunəsi göstərən Nicat düşmənin güllə, mərmi yağışı altında bir addım belə geri çəkilməyib, hədəfə çatanadək düşmən üzərinə həmlələr edib”.
Azərbaycan Respublikası Prezidentinin 18, 25 dekabr və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Nicat Əlizadə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 





Çap et  Çap et