Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.07.2021

Arzular çin olanda

Kəlbəcərdən olan həmkarlarımızın da Vətən həsrətinə son qoyuldu
Kəlbəcər RPŞ-nin əməliyyt işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Quliyevlə 2018-ci ildə tanış olmuşdum. Həmin vaxt ondan müsahibə alanda Kəlbəcərin işğaldan azad olunacağı günün çox da uzaqda olmadığını və bu müsahibənin davamının Kəlbəcərdə yazılacağına əminliyini bildirmişdi. Nəhayət, o gün gəldi, Kəlbəcərə qayıtdıq. Hər ikimiz bu “şərtimizi” xatırlayırdıq. Düzü, işin çoxluğundan bu söhbətə qayıtmağa macal tapmamışdıq. Saxlamışdıq əlamətdar günlərin birinə. Qismət bu günə imiş.
- Peşə günümüzü Kəlbəcərdə qeyd edirsiniz. Həsrət, nisgil bitib. Acılı günlər tarixə qovuşub. İllər sonra doğma torpağa ayaq basmaq necə bir hissdir?
- Çox qəribə duyğular keçirirdim. Həm sevinc hissi yaşayırdım, həm də kədərlənirdim. Ona görə sevinirdim ki, 30 il həsrətini çəkdiyim torpağıma, doğulduğum yurd yerinə qayıdırdım. Kədərlənirdim ki, o yalçın qayalardan başqa heç nə qalmayıbdı ata ocağında. Düşmən burada yüzillərlə tikdiklərimizi söküb aparıb, apara bilmədiklərini də, yandırıb, oda qalayıb gedib. Vətən həsrətinə dözə bilməyən ata-analarımız dünyadan köç etsələr də bu gün onlatın ruhu şaddır. Doğma ocaqlarımızın işığı yenidən yanacaq, ocağı qalanacaq. Biz bütün dünyaya qəhrəman xalq olduğumuzu, dövlətimizin, ordumuzun gücünü bir daha sübut etdik. Bu gün ölkə başçımızın dəmir yumruğuna, iradəsinə, insanlarda inam və etibar ən yüksək səviyyədədir. Vətənpərvər görmək istədiyimiz gənc nəsil yetişib. Kəlbəcərin işğalından sonra doğulan gənclərin bu yerlərə qayıtmağa can atması bizi qürurlandırır. Şükürlər olsun artıq öz rayonumuzda xidmət aparırıq. Mən bu xoşbəxtliyi sözlə ifdə edə bilmərəm.

-Kəlbəcər tarixi abidələrlə zəngindir. Digər işğalda olan ərazilərimizdəki kimi buradadamı mədəni irsimiz məhv edilib?
-Digər işğaldan azad olunan rayonlarda olduğu kimi Kəlbəcərdə keçmişə aid izimiz, mədəniyyətimiz, illərlə qurub yaratdıqlarımız düşmən vandalizminə məruz qalıb. Məscidlər yerlə-yeksan olunub, hətta qədim Alban tarixinə aid abidələrimiz haylaşdırılıb. Bu da bizim necə mənfur bir düşmənlə mübarizə aparmağımıza bariz nümunədir.
-Görünür ki, başqa bir həvəslə xidmət edirsiniz doğma torpağınızda. Necə gedir xidmət?
-Hamı sevinc və ruh yüksəkliyi ilə xidmət edir. DİN rəhbərliyi tərəfindən xidmət şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər görülüb. Bu gün Kəlbəcərin o sazlı-sözlü, axar-baxarlı günlərini geri qaytarmaq üçün hər birimiz səfərbər olmuşuq. İşğaldan azad olunmuş ərazilərdə artıq quruculuq işlərinə başlanılıb. İnanırıq ki, çox yaxın zamanda bu yerlər, sözün əsl mənasında, cənnətə dönəcək. Bu gün düşmənin atıb qaçdığı silah-sursatın yığılması, mina və digər partlayıcı vasitələrin aşkar edilib zərərsizləşdirilməsi üçün digər dövlət qurumları ilə birgə tərəfimizdən lazımi tədbirlər görülür. Özünüz də bilirsiniz ki, bu yerlərin çətin reylefi, dəyişkən iqlimi var. Xidmətimizi qurmaq üçün şöbənin maddi-texniki təminatı müasir tələblərə cavab verir. Tele-kommunikasiya vasitələri, nəqliyyat, qidalanma məsələləri yüksək səviyyədə təmin olunub. Qalır bizim canla-başla xidmət aparmağımız.

Biz XXI əsrə öz qələbə möhrümüzü vurduq. Nə qədər sevincli olsaq da bu torpaqlar uğrunda canından keçən vətən oğullarını da unutmamalıyıq. Vətən Müharibəsi Azərbaycan Dövlətinin necə qüdrətli bir dövlət olduğunu, xalqımızın qəhrəmanlığını, ordumuzun gücünü, əzəmətini göstərdi. Bundan sonra artıq bizi gözəl günlər gözləyir. Yaşayıb yaratmalı, dövlətimizin, Prezidentimizin ətrafında daha da sıx birləşməli, göstərilən etimadı doğrultmalıyıq.

Eşqin Qasımov,
polis baş leytenantı





Çap et  Çap et