Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.06.2021

Metronun təhlükəsizliyi diqqət mərkəzindədir

Pandemiya ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılan Bakı metrosu yenidən sərnişindaşıma xidmətini bərpa edib. İndi metrodan istifadə edən sərnişinlər həm sağlamlıqlarının, həm də təhlükəsizliklərinin təmin edilməsi məqsədilə tətbiq edilən yeniliklərlə qarşılaşırlar.
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin mövcud sanitar-epidemioloji vəziyyətinə uyğun qaydalar müəyyən edib. Şəhər sakinlərinin ən çox istifadə etdikləri metroda da bu qaydalara riayət edilməsinə nəzarət, o cümlədən təhlükəsizlik tədbirlərini həyata keçirmək metronun mühafizəsini həyata keçirən polis əməkdaşlarının üzərinə düşür.

Metroda təkmilləşdirilən təhlükəsizlik tədibirləri, heç şübhəsiz ki, sərnişinlərdə mənzil başına rahat və güvənli şəkildə çatacaqlarına əminlik hissi yaradır. Stansiyaya daxil olan sərnişinlərin tibbi maskalardan istifadə etməsi, əl çantalarının yoxlanılması ilkin təhlükəsizlik tədbirləri kimi diqqət çəkir. Metro girişlərinə quraşdırılan müasir avadanlıqlar sərnişinlərin çanta və bağlamalarının daha etibarlı, eyni zamanda operativ yoxlanılmasını təmin edir. Bu da günün pik saatlarında metro girişlərində sərnişin sıxlığının aradan qaldırılması, eləcə də karantinin tələblərinə uyğun olaraq, sərnişinlər arasında sosial məsafənin qorunması imkanlarını artırır.

Rəşad Mehtiyev,
fotolar Məhərrəm Məcidovundur





Çap et  Çap et