Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

03.06.2021

Onun uğur hekayəsi

Onun uğur hekayəsinin ilk səhifəsi bəlkə də elə müəllim ailəsində doğulduğu gün yazılıb. Çünki valideynləri övladlarını doğru-dürüst və halal zəhmətlə böyütməklə kifayətlənməyiblər, həm də bir müəllim kimi həyatda doğru yolu tapmağa ilk vaxtlardan bələdçilik ediblər.

Həyatın yolları nə qədər enişli-yoxuşlu olsa da, məqsədi və hədəfi olanlar şəxsi qətiyyətləri ilə ucalıqdakı zirvələri fəth etməyi bacarırlar. İsmayıllı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Şəmdinli Nicat da bu gün xidməti fəaliyyəti ilə öz uğur hekayəsinin sətir-sətir davamını yazır.

O, Birinci Qarabağ müharibəsində döyüşən polis əmisi kimi qanun keşikçisi olacağını hələ uşaq ikən qarşısına məqsəd qoyub, hədəfini müəyyən edib. Polis olmaq arzusu 2015-ci ildə Polis Akademiyasını bitirib xidmətə başlaması ilə həyata keçib, ardınca bir-birini əvəz edən vəzifələrdə - Ağdaşda sahə inspektoru, sahə rəisi, İsmayıllı RPŞ-də kadrlar qrupunun baş inspektoru işləyib. Ötən il isə isə gənc əməkdaşın xidmətlərini nəzərə alan DİN rəhbərliyi tərəfindən ona böyük etimad göstərilib, RPŞ rəhbərliyinin təqdimatı əsasında hazırkı vəzifəsinə təyin edilib. O, respublikanın polis şöbələrində xidmət edən ən gənc şəxsi heyətlə iş üzrə köməkçilərdən biridir.
Bu təsadüfi deyil, çünki DİN-də kadrların komplektləşdirilməsi dövlət başçısının gənclərlə bağlı siyasətinə uyğun aparılır, bacarıqlı, səriştəli gənclər daxili işlər orqanlarında xidmətə qəbul olunur, vəzifələrdə irəli çəkilir. Həmkarımızın bilik və bacarığı, xidmətə münasibəti də onu gənc yaşda irəli çəkilməsinə imkan verib. Gənc əməkdaşın məsul vəzifəyə təyin olunması Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən bu xəttin davam etdirildiyini göstərir.

Deyir ki, vəzifədə irəli çəkilmək qürurverici olmaqla yanaşı, həm də məsuliyyət yükünün artması deməkdir. O, şöbənin şəxsi heyətin mənəvi-psixoloji durumuna nəzarət etmək, problemlərinin həllinə yardımçı olmaq, sosial qayğılarını diqqətdə saxlamaqla bərabər, rayon ictimaiyyəti arasında polisin nüfuzunun artması üçün də fəal iş aparır. İkinci Qarabağ müharibəsindən sonra rayon polisi xüsusilə qazi və şəhid ailələrinə diqqət və qayğı göstərir, onlarla görüşlərin keçirilməsi, bu istiqamətdə DİN rəhbərliyinin tapşırıq və tövsiyələrinin icra olunması şəxsi heyətlə iş üzrə rəis köməkçisi olaraq onun gündəlik fəaliyyətinin ilk sırasında dayanır.

Bunu həm vəzifə, həm də özünün mənəvi borcu hesab edən Nicat Şəmdinli vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet olaraq rəhbərlik tərəfindən nəzarətdə saxlanıldığını, hətta polisin səlahiyyətinə aid olmayan məsələlərdə belə vətəndaşlara kömək etməklə, problemlərinin həllinə çalışdıqlarını deyir. Bu isə rayon ictimaiyyəti arasında polisin nüfuzunun artmasına, polis - vətəndaş münasibətinin möhkəmlənməsinə səbəb olur. Hər il İsmayıllı rayonundakı orta məktəbləri bitirən ən azı 20-yə yaxın abituriyentin Polis Akademiyasına qəbul olmaq üçün sənəd verməsi, həmkarlarımızın rayonda böyük hörmət qazandıqlarının bir təzahürüdür.

Polis kapitanı N.Şəmdinli valideynlərinin onu görmək istədikləri peşə sahibi kimi, indi sağlam cəmiyyət naminə çalışır, dövlətə, dövlətçiliyə xidmət edir. Uğrunda çarpışdığı amalın ona hər zaman başucalığı gətirəcəyinə, yaddaşlarda qalacağına inanır.

Rəşad Mehtiyev,
polis baş serjantı





Çap et  Çap et