Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.05.2021

Dövlətə və dövlətçiliyə sədaqətlə

Azərbaycan Polisi öz dövlətiylə həmyaşdır. Bu ifadə öz–özlüyündə çox mətləbdən xəbər verir. Mayın 28-də Respublikamızın 103 “yaşını” qeyd edəcəyik, iyulun 2-də isə Azərbaycan Polisinin yaranmasından bir o qədər vaxt keçir. Polis bir əsrdən çoxdur Azərbaycan xalqını, dövlətini cinayətkar təhdidlərdən qoruyur, qanunların keşiyini çəkir, yeri gəlir, bu amal uğrunda canını belə əsirgəməyir...
1918-ci ilin mayın 28-də Cümhuriyyət elan olunandan sonra ilk olaraq yaradılan qurumlarından birinin məhz Daxili İşlər Nazirliyinin olması dövlət quruculuğu üçün polisin nə qədər əhəmiyyətli rol oynamasının tarixi təcəssümüdür. O zamankı hökumətin qərarı ilə iyulun 2-də Azərbaycanda ilk asayişi mühafizə dəstələri yaradılıb və bu dəstələr milli maraqların qorunmasında mühüm rol oynayıblar. Polisi dövlətin sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev də məhz bu tarixi faktı nəzərə alaraq, iyulun 2-ni “Polisi Günü” elan etmişdir.
Azərbaycan Polisi xidmətinə erməni-daşnak millətçilərinə qarşı mübarizəylə başlayıb. Bu dövr polisin fədakar xidmətinin yazıldığı ilk günlər kimi tarixə düşüb. Bakıda və ətraf bir neçə qəzada Mart soyqırımı kimi dəhşətli kütləvi qətillər törətmiş böyük cinayətkar dəstələrin mövcud olduğu dövrdə Azərbaycan Polisi əsl qəhrəmanlıq örnəyi sərgiləyirdi. Polis həm xalqın azadlığını və dövlətin müstəqilliyini müdafiə edir, həm də separatizmə qarşı mübarizə aparırdı.
Yüz ildən çox vaxt keçir...
Bu gün Azərbaycan Polisi cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqla, etibarlı sabitlik yaratmaqla, müstəqilliyimizin sarsılmazlığına, dönməzliyinə də güclü ictimai inam formalaşdırıb. Çağdaş dünyada, elə bizə yaxın coğrafiyada hökm sürən xaotik böhranlar, dini zəmində baş verən qarşıdurmalar bir çox xalqlar üçün nikbin gələcək vəd etməyən vəziyyət yaratsa da, Azərbaycanda sabitlik polis-vətəndaş həmrəyliyi sayəsində etibarlı qorundu. Bu gün inamla deyə bilərik ki, ölkəmizdə əmin-amanlıq bölgə ölkələri arasında və hətta Avropanın əksər dövlətləri ilə müqayisədə daha yaxşı mühafizə olunur.
Deməli, bir əsr əvvəl şərqdə ilk demokratik dövlət yarada bildiyimiz kimi, əsrin sonunda bu tarixi uğurun üzərinə regionun təhlükəsiz, etibarlı, güclü və nüfuzlu dövlətinə sahib olmaq əlamətini də əlavə etmişik.





Çap et  Çap et