Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.05.2021

Diplomatik korpuslar etibarlı qorunur

Beynəlxalq qanunlara görə istənilən ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, xüsusən səfirliklərin ərazisi hüquqi olaraq təmsil etdikləri dövlətlərə məxsus sayılır. Onların təhlükəsizliyinə isə yerləşdikləri dövlətin güc strukturları birbaşa məsuliyyət daşıyır.
Məlum olduğu kimi, ölkəmizdə bu vacib missiyanı Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru həyata keçirir.
Yeri gəlmişkən, bugünlərdə Taborun inzibati binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə əməkdaşların ixtiyarına verilib. Fotoşəkillərdən ibarət stendlərlə yaradılan guşə xalqımızın xilaskarına, onun tarixi xidmətlərinə xüsusi ehtiramın bir təzahürüdür.

İnzibati binanın həyətində yaradılan səliqə-sahman, aparılan abadlıq və yaşıllaşdırma işləri də xüsusilə diqqət çəkir. Açıq havada qurulan idman meydançasında əməkdaşların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi üçün zəruri avadanlıq və idman alətləri quraşdırılıb.
Taborun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev qəzetimizə bildirib ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin diqqət mərkəzindədir. Nümayəndəliklərin mühafizəsinə cəlb olunan polis əməkdaşları yüksək hazırlıq səviyyələrilə fərqlənirlər. Onun sözlərinə görə, hazırda Əlahiddə Polis Taboru respublika ərazisində yerləşən 50-yə yaxın diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir.

Qeyd edək ki, diplomatik nümayəndəliklərin mühafizəsi dövlətlər arasında gedən hərbi-siyasi proseslərlə sıx bağlıdır və münaqişə yaşanan dövlətlərin ölkəmizdəki nümayəndəliklərinə qarşı ehtimal olunan təxribatlara adekvat olaraq da təhlükəsizlik tədbirləri artırılır. İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı davasını dəstəkləyən dost və müttəfiq dövlətlərin nümayəndəliklərinə mümkün erməni terroruna qarşı yüksək təhlükəsizlik tədbirləri görülmüşdür. Tarixdən də məlum olduğu kimi, ermənilər Türkiyə nümayəndəliklərinə qarşı silsilə terror aktları həyata keçiriblər. Vətən savaşı ərəfəsində bu hadisələr barədə Taborun şəxsi heyətinə ətraflı məlumat verilib.
Müharibə günlərində görülən tədbirlər nəticəsində polis postları düşmən təhdidinə qarşı səngərə çevrildi və etibarlı qorunan diplomatik korpuslara qarşı təxribatlara yol verilmədi.





Çap et  Çap et