Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.04.2021

Düşmənin qisas tələsi Minalanmış ərazilər ölüm saçır

Müxtəlif bəhanələr, dəyişən adlar və rəqəmlər. Sonunda peşmanlıq, kəsilən əllər, ayaqlar və ölüm. Edilən xəbərdarlıqlar nə üçün qulaqardına vurulur? Görəsən bəziləri qadağaları çeynəməklə, tabesizlik göstərməklə cəmiyyətə pis nümunə olduqlarının fərqindədirlərmi? Dövlət ən sərt cəza tədbirlərini tətbiq eləsin?
Müharibədən yenicə çıxmış və yüzlərlə əsgəri Vətən savaşında yaralanmış, şəhid olmuş dövlətin bir çox qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətinə qanunsuz davranışları ilə maneçilik törədənlərin aqibətini saytların, qəzetlərin manşetində gördük. Kədərləndik də, heyfsiləndik də, qınadıq da...

Vətən həsrəti, doğulduğu yurdu görmək arzusu...bu başa düşüləndir. Ancaq həyatı bahasına başa gələcək bir səfərə çıxmaqla, sağlamlığını itirməklə doğmalarına acı yaşatmağa nə ad vermək olar?
Ötən ay Ağdamın Yusifcanlı kəndinə gedən və minaya düşən bir ailənin beş üzvünün faciəli sonluğu, Hüseynov Razi Akif oğlunun həyatını itirməsi, edilən xəbərdarlıqlara baxmayaraq, göz görə-görə övladlarını ölümün qucağına aparan ataya-Hüseynov Akif Muxtar oğluna həyat ömür boyu unuda bilməyəcəyi bir dərs verdi.
Deməli, tələblərə riayət etməyərək dinc şəraitdə həyatını itirənlərin ailə dramını yazıya almaq çətin olsa da, mənzərə çoxlarına ibrət olmalıdır.

Gəldiyimiz qənaət budur ki, qısa zaman kəsiyinə və statistikaya nəzər salsaq dövlətin bu istiqamətdə atacağı sərt addımlara haqq qazandırmış olarıq: ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərə 1321 nəfər keçməyə cəhd göstərib ki, onlardan da 100 nəfər inzibati qaydada həbs edilib, 31 nəfər barəsində cinayət işi başlanılıb.
Bu, hələ də minalanmış ərazilərə getmək arzusunda olanlara xəbərdarlıq deyilmi?
Düşmən bilirdi ki, gec-tez Azərbaycan işğalla barışmayacaq, ya sülh, ya da silah yolu ilə torpaqlarını geri alacaq. Məhz buna görə də həmin ərazilərdə keçilməz zənn etdikləri istehkamlar qurmaqla, minlərlə mina basdırmaqla düşünürdü ki, Azərbaycan əsgərinin döyüşlərdə irəliləməsinin qarşısını alacaq. Düzdür, o sədləri biz qanımız, canımız bahasına yarıb düşməni yerinə oturtduq, ona XXI əsr müharibəsinin təkcə canlı qüvvə ilə deyil, elmi-texnoloji yeniliklərlə aparıldığını başa saldıq. Şuşamızın işğaldan azad edilməsi isə Vətən savaşının kulminasiya nöqtəsi oldu. Düşmən məğlub olduğunu etiraf etdi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Lakin düşmən məğlub olsa belə bizə müharibədən sonra da acılar yaşatmaq üçün işğaldan azad olunmuş ərazilərdə gözlə görünməyən tələlərinin-mina sahələrinin xəritəsini vermədi. Əslində, müharibə qanunlarına görə o bunu etməliydi. Məlum: erməni məkri, erməni kini...
Təəssüflər olsun ki, hələ də beynəlxalq aləm Ermənistanın bu istiqamətdə gedən danışıqlardakı susqunluğuna göz yumur. Yenə də ikili standartlar, yenə də “Bəlkə də qaytardılar” xülyası...

Sosial şəbəkələrdə jurnalistlərin, xarici ölkələrin səfirlərinin, digər rəsmi şəxslərin işğaldan azad olunmuş ərazilərə mütəmadi olaraq getmələri ilə bağlı sual ünvanlayan vətəndaşlarımıza demək istəyirik ki, bu prosedurlar müvafiq qurumlarla razılaşdırılır. Burda həm də əsas məqsəd düşmənin vandallığını dünyaya göstərməkdir...
Böyük qayıdış üçün o torpaqlarda mühüm işlərin görülməsini ləngitməmək, gecəli-gündüzlü minaların təmizlənməsində səy göstərənlərin, eləcə də Azərbaycan Polisinin xidmətinə əngəl yaratmamaq üçün tələblərə və qaydalara hamılıqla riayət etməliyik.
Sözardı: Bir müddət öncə Füzuli rayon sakinlərinin (adlarını qeyd etməyi lüzum görmürəm) o torpaqlara sərxoş vəziyyətdə getmələrini, mənim kimi bəlkə də çoxları qınadı. Onların həyatı təhlükəsi öz yerində, ancaq igid oğullarımızın qanı tökülən, göylərində şəhid ruhlarının sevindiyi o müqəddəs yurd yerlərinə sərxoş vəziyyətdə getmək günahların ən böyüyüdür.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 





Çap et  Çap et