Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.04.2021

“Zəfər yolu” Şuşaya aparır

“Hazırlaş, sabah Şuşaya ezamiyyətə gedirsən”,- deyəndə bir anlıq duruxdum. Sinəmdəki sevinc seli dilimdəki sözlərin önünü elə kəsdi ki, nə deyəcəyimi bilmədim.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun: “Mətbuat Xidmətinin tarixində Vətən savaşından sonra Şuşa şəhərinə ezamiyyətə gedən ilk əməkdaş sən olacaqsan”,- deməsi məsuliyyətimi birə-beş artırdı…
Dan yeri ağaranda yolu yarılamışdıq. Horadiz qəsəbəsində polis nəzarət postunu keçəndən sonra məlum oldu ki, Şuşaya “Zəfər Yolu” ilə gedəcəyik.
Bu yol şəhidlərimizin qanı ilə yazdıqları şanlı tarixə şahidlik edib. İllər idi ki, ot basmış cığırların yola çevrilib üzü Şuşaya doğru getməsini arzulayırdıq. Vətən savaşında Müzəffər Ordumuzun Şuşa şəhərini işğaldan azad etmək üçün açdığı cığırı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyev əbəs yerə “Zəfər yolu” adlandırmadı. Uzunluğu 101 kilometr olan, Şuşamızı azadlığına qovuşduran bu yol mənfur düşmənə həm də göz dağıdır.

Yol boyu işğaldan azad olunan kənd və qəsəbələrimizi gördükcə tanrının Azərbaycan xalqına nə qədər gözəl təbiət bəxş etdiyinin sevincini, bu yerlərin uzun illər düşmən tapdağı altında qalmağının isə kədərini eyni anda yaşayırdım…
Quruluşuna və relyefinə görə təbii qalanı xatırladan Şuşaya Daşaltıdan keçərək daxil olduq. Şəhərin yenidən tarixi görünüşünə qayıtması üçün tam sürətlə abadlıq, bərpa işləri həyata keçirilir. Şuşanın simvolu olan Cıdır düzünə, İsa bulağına, Gövhər ağa məscidinə və xalqımız üçün müqəddəs olan digər məkanlara baş çəkəndən sonra Şuşa Rayon Polis Şöbəsinə gəldik. Şöbəyə ayaq basdığımız andan buradakı nizam-
intizamı, səliqə-sahmanı, ən əsası, qələbə qazanmış ölkənin qalib polisinin üzündəki ruh yüksəkliyini gördük. Respublikanın müxtəlif rayon polis şöbələrində, habelə Bakıda xidmət edən və əslən Şuşadan olan əməkdaşları görəndə, düzü, çox sevindik. Məlum oldu ki, onlar xidmətlərini Şuşa Rayon Polis Şöbəsində davam etdirmək üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət ediblər.

Şöbənin əməkdaşlarının xidməti olduqca məsuliyyətli və şərəflidir. Nazirliyin rəhbərliyinin, eləcə də Şuşa RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Səməd Məhərrəmovun verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışırlar.
Şuşada olduğumuz müddətdə təbiətin daha bir möcüzəsinin-ilin bütün fəsillərinin şahidi olduq.
Həsrətimizlə heyrətimizin qovuşduğu o gün sıldırımlı qayalardan üzü Xankəndinə doğru asılan və düşmənin canına qorxu salan, əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə qulağımda Ali Baş Komandanın: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” şüarları səslənirdi…

Anar Qafarov,
polis kapitanı

 





Çap et  Çap et