Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.04.2021

Vətənə sipər oğullar Çavuş Zeynal Məmmədov: "Çoxsaylı qəlpə yarası ilə sağ qalmağıma hələ də inana bilmirəm"

Çavuş Zeynal Gülməddin oğlu Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərindəki “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət etdiyim dövrdən tanıyırdım. Bölüyün nümunəvi xidməti və intizamı ilə fərqlənən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xatirimdə qalmışdı o...
Tale elə gətirdi ki, onunla bir də nə az, nə çox, düz 9 ildən sonra Daxili Qoşunların Hərbi Hospitalında görüşdük. Lakin bu dəfə Vətən müharibəsinin qəhrəman döyüşçüsü, Şuşa uğrunda ağır yaralanmış qazi hərbi qulluqçumuz kimi qarşıma çıxmışdı Zeynal...

Çavuş Z.Məmmədov 1991-ci il martın 23-də Sumqayıt şəhərində doğulub, Qazaxıstan Respublikasının Aktau şəhərində böyüyüb boya-başa çatıb. Orta təhsilini Aktaudakı orta məktəblərdən birində alıb. Hələ onuncu sinifdə oxuyarkən ali təhsilini Azərbaycanda almaq üçün Vətənə qayıdan Zeynal bu arzusuna çatmadıqda, hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində yerinə yetirməyə qərar verir. Beləliklə, 2010-2011-ci illərdə Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçir. Uşaq yaşlarından hərbçi peşəsinə böyük marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə Qazaxıstana qayıtmaq istəmədiyini, qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edəcəyini bildirir. 2020-ci ilin iyul ayından Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində xidmətini davam etdirən çavuş Z.Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Çavuş Z.Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Həmin postları tutduqdan sonra məğlubiyyətlə barışmaq istəməyən ermənilər olduğumuz mövqeləri minaatanlardan və digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutdular. Çətinliyə baxmayaraq, irəliləməkdə davam etdik və qrupumuz daha bir yüksəkliyi aldı. Bu döyüşdə yarımqrup komandiri kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Onu da qeyd edim ki, oktyabrın 31-dək qrupumuz, həmçinin, işğaldan azad edilən ərazilərdə axtarış əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət etməli olduq”.
Döyüşdükləri mövqenin düşmən tankı tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı qəlpə yarası almasına rəğmən, hələ də həyatda sağ qalmasını möcüzə adlandıran qazimiz qazandığımız qələbədə onun da payı olmasından qürur hissi keçirdiyini deyir: “Bizim tapşırığımız Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmən qüvvələrinin qarşısını kəsmək idi. Hələ noyabrın 5-də digər qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət edən kolonunu – 1 ədəd PDM, şəxsi heyət və ərzaq daşıyan 5 digər texnikasını və 103 nəfər əsgərini pusquya salıb məhv etdik. Bundan sonra qrupumuz vaxt itirmədən hərəkət edərək Xankəndi-Şuşa yolundakı yüksəklikdə mövqe tutdu.

Noyabrın 6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alırdı. Dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin 2 ədəd tankını məhv etdilər. Bizimlə açıq döyüşə girməkdən qorxan düşmən silah-sursatını da atıb qaçmağa başladı. Bundan sonra uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə tutdular. Elə bu zaman düşmən tankının atdığı mərmi yaxınlığımızdakı qayaya dəydi. Bu vaxt sağımda vuruşan MAXE əsgər Seyfullayev Fərid Xeyrulla oğlu şəhid oldu. Mən də çoxsaylı qəlpə yarası aldım. Özümə gələndən sonra baxdım ki, əlim və ayağım qan içindədir. Təsəvvür edin, adi günlərdə ayağımdan çətinliklə çıxan uzunboğaz çəkmənin bir tayı iplə bağlı vəziyyətdə belə zərbənin təsirindən “yoxa çıxmışdı”. Yaralı halda meşə istiqamətində təxminən yüz metrə kimi süründüm. Sonra MAXE əsgər Qafqaz Hüseynov və digər döyüşçü yoldaşlarım məni güllə və mərmi yağışı altından çıxardılar...

Noyabrın 9-u axşam bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Hospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm. Şükürlər olsun ki, həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicə davam edir.
Əsas odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi yağı düşmən tapdağından azad edib, qələbə çaldıq”.
Azərbaycan Respublikası Prezidentinin 18, 25 və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Məmmədov Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
mayor Anar Əhmədov

 





Çap et  Çap et