Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.04.2021

Polisdən qətiyyətli tədbirlər Qaydalara riayət etməyənlər məsuliyyətə cəlb olunurlar

COVID-19 infeksiyasının qarşısını almaq məqsədilə paytaxtda və bölgələrdə polis tərəfindən reydlər davam etdirilir.

Ötən həftə həyata keçirilmiş tədbirlər zamanı İmişli, Balakən, Tovuz, Goranboy, Cəlilabad və Göyçay rayonlarında karantin rejimi qaydalarına zidd olaraq nişan və toy mərasimlərinin keçirilməsinin qarşısı adıçəkilən Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən alınıb.
Qazax Rayon Polis Şöbəsinə isə rayon ərazisindəki “İsrafil Ağa” adlı hamamın sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gedərək obyekt işçilərini və müştəriləri polis şöbəsinə gətiriblər.

Nərimanov rayonunda da toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları müəyyən edilib.
Yeri gəlmişkən, ötən həftənin şənbə və bazar günlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunaraq saxlanılıb.

Onlar ev şəraitində müalicəyə cəlb edilmələrinə baxmayaraq, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadıqları ünvana geri qaytarılıblar.
Polis əməkdaşları onlarla izah-
edici söhbətlər aparıb və bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıblar.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə hamımız səfərbər olmalı, qoyulan qadağalara riayət etməli və ona birlikdə qalib gəlməliyik. Belə olduqda özümüzü, ailəmizi və yaxınlarımızı həyati təhlükədən qorumuş olarıq.





Çap et  Çap et