Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

31.03.2021

Nə tarixdən silinəcək, nə də biz unudacağıq

Soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir.
1813-1828-ci illər soyqırımımıza və tarixi torpaqlarımızdan deportasiyalarımıza yol açan illərdir.
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabından sonra Bakı quberniyasında hakimiyyəti ələ keçirən Stepan Şaumyan azərbaycanlıların qətlinə, sözün əsl mənasında, fərman verdi. Dilinə, dininə, milli kimliyinə görə deyil, insanlar məhz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildilər.
XX əsrin əvvəllərində-1905-1906, 1918 və 1920-ci illərdə törədilmiş soyqırımlar.
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilmiş, onminlərlə soydaşımız erməni vəhşiliyinin qurbanı olmuşdur.
1918-ci il mart qırğınına siyasi qiymət vermək, tarixi həqiqətləri üzə çıxarmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyası fəaliyyətini başa çatdıra bilməmişdir. Çünki qırmızı ordu tərəfindən şərqin ilk cümhuriyyəti işğal olunmuşdur.
XX əsrin ortalarında-1948-1953-cü illərdə soyqırım və deportasiyalar. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoydu.
XX əsrin sonunda soyqırım, deportasiya və 1988-ci il hadisələri. 1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. Quqarkda baş verən qanlı hadisələr nəticəsində öldürülən 70 nəfər azərbaycanlıdan 21-i qadın, 6-sı uşaq idi. Vardenis (Basarkeçər) rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından – Yerevan, Masis (Zəngibasar), Kalinino (Uzunoba), Kadjaran, Qafan, Kirovakan (Calaloğlu), Qoris, Sisian (Qarakilsə), Amasiya (Ağbaba) və Allahverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1948-53-cü illərdə olduğu kimi İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
30 dekabr 2009-cu ildə Azərbaycan Prezidenti
İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Başımıza gətirilən faciələr bədii ədəbiyyatda da öz əksini tapıb. Qurban Səidin "Əli və Nino" və Lev Vaysenberqin "Kiçik bacı" romanları Mart soyqırımından bəhs edən bədii əsərlərdəndir. Mart soyqırımı ilə bağlı "Həqiqətin özü", "Mart hadisələri, yaxud qara oyunlar" filmləri çəkilib.





Çap et  Çap et