Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

17.03.2021

Tonqalları gur yandıraq

Şəhid atalarının başdaşı ilə qartopu oynayan uşaqlar insanın həm də necə böyük bir bəlalara səbəb olduğunun real mənzərəsidir. Təbiətin özü ilə müharibəsi: təbii fəlakətlər - zəlzələlər, daşqınlar, uçqunlar, torpaq sürüşmələri də ölümə, itkiyə yol açır. Ancaq bu ata, ana, oğul, qardaş, bacı itirənlərin qəlbində nə zamansa qəzəblə xatırlanacaq xatirə kimi özünə yer eləmir. İnsanın insanla müharibəsi isə atalarının başdaşı ilə qartopu oynayan uşaqların özlərinin ata olacağı, hətta onların belə dünyaya vida etdiyi günə kimi unudulmur, yaddan çıxmır.
Atalar ataları öldürür ki, uşaqlar yetim qalsın? Əslində, bu atalarını müharibələrdə itirən uşaqların dünyaya vermək istədikləri onlarla sualdan biridir.

Acı olsa da, əsl həqiqət bu imiş: Müharibə ataları başdaşına çevirir.
Məncə, atalarının üzünü görən, onunla sağlığında qartopu oynayan, gəzməyə gedən uşaqlar ataları şəhid olduqdan sonra dünyaya gələnlərdən daha ürəkli, daha toxtaq olacaqlar. “Mən atamı gördüm”,-deyənlərlə atasının şəklinə baxanları gözlərinizin önünə gətirin və istedadınız çatırsa onu yazıya və ya kətan üzərində rəsm əsərinə çevirin. Nə çəkilər, nə ki, ifadə olunar...
Dərdi olduğu kimi demək və çəkmək olmur.
İnsanın sonunu müharibələr gətirir. Ancaq Vətən savaşında, haqq mübarizəmizdə biz düşmənin sonunu gətirdik. Bizə havadarlarının köməyi ilə əsrlər boyu yaşatdıqlarının, çəkdirdiklərinin əvəzini qaytardıq dəmir yumruğumuzla. Biz də atalar, oğullar itirdik...

“Düşmənin mərdi dostun namərdindən yaxşıdır”. Ancaq biz heç vaxt mərd düşmənlə üzbəüz gəlmədik. Bu, indi bizim, bəlkə də illər sonra da övladlarımızın da alın yazısı olacaq.
İlk müharibə Qabilin Habilə atdığı daşla başladı, raketlərlə davam edir. Bəşəriyyət hələ ki, dünyanı, atalarının isti nəfəsində qızınmaq istəyən uşaqları qorumaq üçün müharibələrə dur demir. Müharibə isə günahkarların da, günahsızların da tanrı tərəfindən sınağa çəkilməsidir. Və “Kim günahsız deyilsə, daşı birinci o atsın”,- sualı ilə insanlara xitab edən İsanın cavabını əsrlər sonra davamçısı olan Məhəmmədə (s.a) nazil olan Qurani-kərimdə Allah-Təala belə vermişdi: “Bir günahsız şəxsi öldürən bütün bəşəriyyəti öldürür”.
İstəyirik ki, uşaqların xatirinə qan tökülməsin, müharibə olmasın. Təkcə Novruzda deyil, yurdumuzun hər yerində tonqalları daha gur yandıraq ki, həm torpaqlarımıza azadlıq bəxş edən oğullarımızın ruhu isinsin, həm də atalarının isti nəfəsinə həsrət qalan şəhid övladları. Unutmayaq ki, bir xoş söz illərlə açılmayan qıfıl ürəklərə açar ola bilər. Fərq etməz hansı dildə danışırıq, hansı dinə sitayiş edirik, əsas odur ki, xoş sözləri biri-birimizdən əsirgəməyək, könül qırmayaq.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 





Çap et  Çap et