Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

05.03.2021

Güvənc yeri, ümid qapısı... Polis sahə rəisləri və sahə inspektorları yerlərdə vətəndaşın inamını, etibarını qazanıblar

Polislə ilk tanışlıq sahə rəisilə başlayır, desək, yəqin ki, yanılmarıq. Sahə rəisləri vətəndaşların hüquq pozuntusuyla bağlı müraciət etdikləri ilk rəsmi şəxslər olsalar da, onları vətəndaşlara bir qədər də qeyri-rəsmilik -dostluq, səmimi münasibət bağlayır. Bəlkə elə buna görədir ki, çoxlarının “uçastkovıy” kimi tanıdığı bu qanun keşikçiləri hər məhəllədə sakinlərin yaxın qonşusu, fəaliyyət göstərdikləri kiçik inzibati binaları böyük güvənc yeri, ümid qapısı sayılır.
Bu qənaətimiz Nərimanov rayonunda bir neçə inzibati sahədə xidməti fəaliyyətlə tanış olduqdan sonra daha da möhkəmləndi.

Nərimanov RPİ 18-ci PB-nin sahə rəisi, polis mayoru Təvəkkül Ağayev zəngin təcrübəsinə əsaslanaraq deyir ki, insanlar artıq polisi cəza aparatı kimi görmürlər, bu təsəvvür çoxdan dağılıb. Sahə rəisləri, sahə inspektorları yerlərdə profilaktik tədbirlər keçirir, izahedici söhbətlər aparır, hüquqi yardım göstərirlər. Həmkarımız deyir ki, polislə vətəndaş arasında elə bir münasibət qurulub ki, o, bəzən evdə ailəsinə, qardaşına, atasına deyə bilmədiyi fikri gəlib polislə bölüşür. T.Ağayev bir neçə il əvvəl həmkarları ilə əmək haqqlarından pul ayırıb maddi imkanı olmayan gənc cütlüyə nişan üzüyü aldıqlarını xatırlayır və polisin çox vaxt dilə gətirilməyən belə humanist davranışlarının insanlarda dərin təəssürat doğurduğunu deyir.

Vətəndaşla qarşılıqlı münasibətlərin ictimai asayişin qorunmasında mühüm olduğu qənaətini Nərimanov RPİ 16-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Nicat Əliyev də bölüşür. Cəmi 4 il sahə inspektoru olaraq xidmət etsə də, sakinlər arasında böyük nüfuz qazandığı diqqətimizdən yayınmır. Gənc polis kapitanın sözlərinə görə, vətəndaşların polisə sarsılmaz güvən hissi bəsləməsi onların hər birinin qayğısına, probleminə həssas yanaşmanın təzahürüdür. Bu isə ictimai ovqatın daha da yüksəlməsinə zəmin yaradır. “Bəzən vətəndaşlar şikayətlərini sadəcə olaraq danışıb gedirlər. Onları psixoloq kimi səbrlə dinləyirik... Xüsusilə, ailədaxili və ya qonşular arasında münaqişələrin barışıq əsaslı həllinə çalışırıq. Ata, bacı, qardaş, hər hansı bir yaxını haqqında şikayət edildiyini eşidəndə münasibətlər daha da gərginləşir, aqresiya yaranır. Buna görə profilaktik söhbətlərə daha çox yer ayırırıq ki, tərəflər arasında barışıq baş tutsun”, - deyir.
Hazırkı pandemiya şəraitində karantin tədbirlərinə yerlərdə məhz sahə rəisləri nəzarət edir. Nərimanov RPİ İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis kapitanı Elçin Mirzəli bildirir ki, sahə rəislərinin, sahə inspektorlarının nüfuzu ərazidə onların sözlərinin, profilaktik tədbirlərinin kəsərini də artırır. Deyir ki, onlar işlərinin öhdəsindən uğurla gəlirlər. Son vaxtlar müzakirə olunan vətəndaşların cərimələnməsinə gəlincə, şöbə rəisi izah edir ki, vətəndaşın karantin qaydalarını pozması, məsələn, tibbi maskadan istifadə etməməsi inzibati xətadır. Polis də qanun keşikçisi olaraq üzərinə düşən vəzifələri icra etməlidir və edir. Məqsəd yalnız insanların sağlamalıqlarını qorumaqdır. Onun sözlərinə görə, polisin keçirdiyi tədbirlər sayəsində hazırda tibbi maskadan istifadə etməyən vətəndaş, demək olar ki, yoxdur. Müəyyən hallarda maskadan düzgün istifadə etməyənlərə rast gəlinir.
Həmsöhbət olduğumuz sakinlər də asayiş keşikçilərindən razılıqla danışdılar. Bu isə sahə rəisi institutunun həm rəhbərliyin, həm də ictimai etimadı doğrultduğunun bir göstəricisidir.

Rəşad Mehtiyev
polis baş serjantı





Çap et  Çap et