Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.02.2021

Vətəndaşa xidmət Vətənə xidmətdir

Bu gün, hər hansı hüquq pozuntusu ilə üzləşmiş istənilən şəxsin şikayətinin qeydə alınması və dərhal nəzarətə götürülməsi mobil telefonunun üç düyməsindəki rəqəmə (oxu: - 102) bağlıdır. Günün istənilən vaxtı vətəndaşın canını, əmlakını qorumaq üçün sayıqlıq göstərən polis bunu, yeri gələrsə, canını sipər etməklə icra edir, obrazlı desək, gözünü qırpmadan həyata keçirir.
Doğrudur, bu bir vəzifə öhdəliyidir və peşənin gərəyi olaraq fədakarlıq etmək asayiş keşikçisinə xasdır. Ancaq onun fədakarlıqlarında həmişə daha artıq, daha dərin məna gizlənir – hər zaman ruhunda dövlətə, millətə, Vətənə cani-könüldən bağlılıq duyğusu, yanğısı olub. Polis tariximizin ən çətin, ağır dövrlərində Vətəni, vətəndaşları qorumaqla gerçək bir milli təəssübkeş olduğunu təsdiq edib.

İctimai təsəvvür də polisi xilaskar kimi görür və bu, haqlı gözləntidir. Çünki reallıq belədir. Polis andı içib asayiş keşikçisi olan hər əməkdaş bu obrazı hüquqi baxımdan da öz üzərinə götürdüyünün fərqindədir. Onlar vəzifələrinin icrasına yalnız qanunların tələbindən irəli gələn inzibati öhdəlik kimi yanaşmır, vətəndaşın qayğılarıyla yaşayırlar.
Artıq bugünün qayğıları dünənkindən bir qədər fərqlənir. Əvvəla, pandemiyanın çətinliklərini hiss edirik, infeksiya tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq kimi özüylə həyatımıza məcburi qaydalar gətirib.
Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərimizi görəmək arzusunun ürəyimizdə qübara çevrdiyi yurd həsrəti bəzi vətəndaşlarımızı, bəlli prosedurları gözləmədən, həmin ərazilərə getməyə həvəsləndirir, buna can atırlar. Əslində, bu istəyin nə qədər təhlükəli olduğunu indiyədək partalayan minalar nəticəsində həyatını itirən vətəndaşlarımızın faciəli aqibəti göstərir, amma, təəsüf ki, bunu görməyənlər də var.

Nə pandemiya təhlükəsi sovuşub, nə də düşmənin Qarabağın dağına-daşına döşədiyi minaların bağrında gül bitməyib – belə çətin dövrdə məqsədi yalnız vətəndaşlarımızı qorumaq olan polis bəzən sərt tədbirlər görmək məcburiyyətində qalır, çəkindirici vasitə olaraq, cərimələr tətbiq edir. Lakin azad olunmuş torpaqlarımıza gedənləri və yaxud karantin qaydalarına əməl etməyən vətəndaşların cərimələnməsinin ictimai diskusiya mövzusuna çevrilməsi qanundan anlayışı olan istənilən şəxsdə təəccüb və bir o qədər də acı təəssüf hissi doğurmaya bilməz.

Çünki, hər kəs bilir ki, özünü, həyatını vətəndaşları qorumağa, deməli, həm də Vətəni qorumağa həsr edən asayiş keşikçisi qanunların aliliyini qorumaqla bərabər, hər birimizin həyatını qorumağa çalışır. Polis əməkdaşı vətəndaşa xidmət etmənin Vətənə xidmətlə, vətəndaşı qorumağın ana deyib bağrına sığındığımz elə Vətəni müdafiə etməklə eyni məna daşıdığına inanır, özünün həyat kredosu sayır.
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan, yaralanan və ya kimisə ictimai yerdə nəzakətə dəvət edən bir polisin də yeganə amalı budur. Əvəzi isə yalnız vətəndaşın “sağ ol”u, məmnunluq hissini dilə gətirməsidir. Yəqin ki, polislə vətəndaş arasında qarşılıqlı münasibətin bundan yaxşı təzahürü ola bilməz...

Rəşad Mehtiyev
polis baş serjantı





Çap et  Çap et