Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

16.02.2021

Polis əməkdaşlarının vaksinasiyasına başlanılıb

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın birinci mərhələsinə uyğun olaraq Daxili İşlər Nazirliyinin əməkdaşlarının da vaksinasiya prosesinə start verilib.

İlkin olaraq fevralın 6-dan etibarən Bakıda xidmət aparan polis əməkdaşları peyvəndləməyə cəlb olunublar. Vaksinasiya DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarında könüllülük prinsipi əsasında həyata keçirilir.
Vaksinasiya üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks təsir halı qeydə alınmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 21 gün sonra həmin əməkdaşa ikinci doza vurulacaq.

Qeyd edək ki, vaksinasiya strategiyasında göstərildiyi kimi, son altı ay ərzində koronavirusa yoluxanların, onkoloji xəstəliklərdən, o cümlədən, yüksək qan təzyiqindən əziyyət çəkənlərin və dərman preparatlarına qarşı allergiyası olanların peyvəndlənməsi məsləhət görülmür.
Yaxın müddətdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacaq. Onların vaksinasiyası Səhiyyə Nazirliyinin və TƏBİB-in yerli müalicə-profilaktika müəssisələrində həyata keçiriləcək.

N.Cavadov,
R.Əliyeva





Çap et  Çap et