Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

12.02.2021

Dövlətə və peşə borcuna sadiq

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, mətbuatımızda öz imzası və istedadı ilə sayılıb-seçilən qələm sahibi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlovun fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu münasibətlə yubilyarı qəbul edib.
Nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib. Qeyd edib ki, uzun illər rəhbərlik etdiyi DİN-in Mətbuat Xidmətinin təkmilləşməsində peşəkar fəaliyyəti, zəngin təcrübəsi və ictimai nüfuzu nəzərə alınaraq, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndəriləndən sonra da, ona Daxili İşlər Orqanlarının Maddi-Texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru vəzifəsi həvalə olunub. Bu məsul vəzifədə də işinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdıran nazir Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini, daxili işlər orqanları əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai asayişin və təhlükəsizliyin qorunmasında göstərdikləri fədakar xidmətə, eləcə də əməkdaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə qüsursuz fəaliyyətilə töhfə verdiyini xüsusilə vurğulayıb.
Daha sonra daxili işlər naziri Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərmanı”nı ona təqdim edib.
Səmimi qəbula, yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını ifadə edən Sadiq Gözəlov bundan sonra da polisin şərəfini daim uca tutacağını bildirib.





Çap et  Çap et