Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.02.2021

Vətənə sevgi, dövlətə sədaqətlə

Ötən həftə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayevi və Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərovu ayrı-ayrılıqda qəbul edib.

Yolasalma mərasimində nazir Vilayət Eyvazov uzun illər daxili işlər orqanlarında çalışmış, ömürlərinin önəmli hissəsini xalqa, dövlətçiliyə xidmətə və cinayətkarlıqla mübarizəyə həsr etmiş həmkarlarımızın peşəkar polis zabitləri kimi gənclərə örnək bir yol keçdiklərini diqqətə çatdırıb.
O, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayevin daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmətlərini, dövlətçilik prinsiplərinə sadiqliyini, qanunvericiliklə müəyyən olunmuş vəzifələrin icrasında fərqləndiyini, rəhbərlik etdiyi xidmət sahəsində idarəçilik və təşkilatçılıq funksiyasını layiqincə yerinə yetirdiyini, əməkdaşların sosial-hüquqi müdafiəsi, şəxsi heyət arasında xidməti intizamın, qanunçuluğun möhkəmləndirilməsi işində diqqətəlayiq rolunu, 37 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd olunub ki, ötən dövr ərzində polis polkovniki R.Qarayev xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən bir çox mükafatlara, o cümlədən DİN-in «Əla xidmətlərinə görə» döş nişanına, «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının hər 3 dərəcəsinə, «Azərbaycan Polisinin 95 illiyi», «Azərbaycan Polisinin 100 illiyi» yubiley medallarına layiq görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ildə «Vətən uğrunda» medalı ilə təltif olunub.

Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərovu da qəbul edərkən cənab nazir bildirib ki, o, xidməti fəaliyyəti dövründə ölkədə rezonans doğuran bir çox cinayətlərin açılmasında, ümumən cinayətkarlıqla mübarizədə qətiyyət göstərərək həm də əsl vətəndaşlıq mövqeyi sərgiləyib, səmimiyyəti və yüksək ünsiyyətqurma bacarığı ilə seçilib. Onun peşəkar əməliyyatçı kimi cinayətkarlıqla uğurlu mübarizəyə və ictimai təhlükəsizliyin etibarlı qorunmasına rəhbərlik etdiyi, gənc əməkdaşların dövlətə və dövlətçiliyə sədaqət ruhunda formalaşmalarına layiqli töhfələr verdiyi də diqqətə çatdırılıb.

Nazir xüsusilə vurğulayıb ki, düşmənin ötənilki hərbi təxribatları zamanı, eləcə də Vətən savaşında Ermənistanla həmsərhəd olan Tovuz rayonunda kriminogen durum nəzarətdə saxlanılmaqla polisin fəaliyyəti şöbə rəisi tərəfindən düzgün istiqamətləndirilib, yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirilib.
Qəbullarda hər iki həmkarımıza sonrakı işlərində də uğurlar arzulayan nazir qazandıqları zəngin təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin nüfuzunun və imicinin qorunub-saxlanılması işinə yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.
Daxili işlər naziri Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduqları DİN-in “Fəxri fərmanı”nı onlara təqdim edib.

Səmimi qəbula, yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlıqlarını bildirən Rahib Qarayev və Şirzad Əsgərov bilik və bacarıqlarını, təcrübələrini bundan sonra da əsirgəməyəcəklərini, polisin şərəfini daim uca tutacaqlarını diqqətə çatdırıblar.





Çap et  Çap et