Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.01.2021

Adini Şərəflə Doğrultdu...

DİN DaxiliDİN Daxili Qoşunlarının hərbi qulluqçusu, şəhid kapitan Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib. Kapitan Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində dünyaya gəlib. Hüseynovlar ailəsinin 4-cü övladı-sonbeşiyi idi...
Orta təhsilini Daxili Qoşunların birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb. O, müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyul ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan şərəfli borcunu yerinə yetirməyə başlayıb. Həmin il Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alıb və qoşunların “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevral ayınadək müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Hər zaman yüksək hərbi intizamı, çalışqanlığı və biliyi sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanıb.
Rəhbərlik tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
T.Hüseynli xidmət etdiyi dövrdə iki dəfə - 2010-cu ilin sentyabr ayından 2011-ci ilin iyun ayınadək və 2019-cu ilin fevral ayından iyul ayınadək Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Gizir komando təməl kursu” və “Zabit komando təməl kursu”nda təhsil alıb.
Sonuncu kursu da uğurla başa vurub 2019-cu ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.
“N” saylı hərbi hissədə “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi qrup komandirinin mərdliyi və qorxmazlığı haqqında bu gün də ürək dolusu danışır:
-Yaxşı yadımdadır, döyüş öncəsi şəxsi heyətə tapşırıqlar verirdim. Bu vaxt Türkay böyük əzmlə: “Cənab mayor, ölmək var, dönmək yoxdur. Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir dəfə lazım olur... Vətənimizin ərazi bütövlüyü uğrunda, sevə-sevə canımızdan keçməyə hazır olmalıyıq”,-dedi.
Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü olub. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini yarıb xeyli sayda canlı qüvvəsini, 8 tankını və 1 topunu məhv edib. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddini yarmaq üçün gedən şiddətli döyüşdə erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli şəhidlik zirvəsinə ucalıb.
Kapitan T.Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Subay idi.
Şəhid zabitimizin atası şair Nizami Elyanar Göyçəvi şəhid oğullarımızla qürur duyduğunu deyir...
Yeri gəlmişkən, qüsursuz və nümunəvi xidmətinə görə vaxtından əvvəl ona “kapitan” hərbi rütbəsi verilmişdi.

mayor Anar Əhmədov

 





Çap et  Çap et