Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.01.2021

Sabitliyimiz Nailiyyətimizdir

Sabitlik bütün hallarda rifah gətirir, ölkənin, cəmiyyətin inkişafına təkan verir. Güclü dövlətlər cinayətkarlıqla mübarizə strategiyası sayəsində cinayətlərin sayını azalda bilir və bununla da özünü yüksəlişinə mane ola biləcək təhlükədən qoruyur.
Gücü əldə saxlamaq üçün də ilk növbədə sabitliyin, əmin-amanlığın olması olduqca vacibdir. Bu, izaha ehtiyacı olmayan reallıqdır və əslində, bunu yazmaqla təzə nəsə demiş olmuruq. Dünyanın tarix dərslikləri bu məzmunda ibrətlik hadisələrlə doludur. Elə öz yaxın keçmişimizi, müstəqilliyimizin ağırı-
acıdan yoğrulan ilk illərini yada salmaq yetər.
O illəri xatırlayanlar bilir ki, ölkəmizdəki etibarlı sabitlik rahatlıqla qazanılmayıb. Bu uğurun arxasında, təbii ki, dərin strategiya, düşünülmüş siyasət dayanır. Bununla bərabər, təhlükəsizlik qüvvələri, xüsusən əqidəsi uğrunda ölməyi özünə mənəvi borc bilən polis yaradıb bu əmin- amanlığı... Yəni, obrazlı desək, bu sabitlik bir az da qırmızı rəngdədir - şəhid əsgərimizin, şəhid polisimizin qanı rəngində. Cinayətkarlığa qarşı mübarizədə canını fəda edən, vətəndaşa təhlükədən daha yaxın olan, piyadalar yolu təhlükəsiz keçsin deyə hərəkəti tənzimləyən polis əməkdaşının da məqsədi daha güclü cəmiyyət yaratmaq, daha qüdrətli dövlət qurmaq amalına xidmət edir.
Ölkədə mövcud etibarlı ictimai asayişin yaradılmasının hansı əziyyətlər bahasına mümkün olduğunu təffərüatı ilə yazmağa lüzum yoxdur. Çünki istənilən fədakarlıq bütün dünyada polisin vəzifə borcu kimi başa düşülür. Bəlkə bu yanaşmada müəyyən qədər həqiqət də var, ona görə ki, bu peşə ən böyük fədakarlığa hazır olan insanların məsləyidir. Hər hansı bədbəxt hadisə zamanı, yaxud silahlı cinayətkarların rastgələ atəşindən mülki insanın həyatını itirməsi daha kədərli hadisə kimi qeyd edilir. Mediada həmişə, ilk olaraq, mülki şəxslərin həyatını itirməsi qabardılır, onu qorumaq istəyən polisin, hərbçinin ölümü isə, hardasa, ikinci planda təqdim olunur. Bu ona görə baş verir ki, əyninə uniforma geyinib vəzifəsinin icrasına başlayan adam bu yola can qoyduğunu könüllü olaraq qəbul edib və bunu hər kəs də belə qəbul edir. Vəzifəsini yerinə yetirərkən həyatını təhlükəyə atan polisin işi buna görə çətin və şərəflidir...
Dünyada elm və texnologiya nə qədər inkişaf etsə də, hər nə qədər cinayətkarlığa qarşı mübarizə üsulları təkmilləşdirilsə də, insanın mənəvi keyfiyyəti, vəzifəsinə, dövlətinə bağlılığı son nəticəni şərtləndirir. Bu gün Azərbaycanda cinayətkarlığa qarşı mübarizədəki nailiyyətlər müasir elmi texnoloji yeniliklərin tətbiqi ilə bərabər, Vətəninə, elinə-
obasına bağlı hüquq mühafizə orqanlarının şəxsi heyətinin, o cümlədən polis əməkdaşlarının əzmkar fəaliyyətilə əldə edilir.
Çətinliklə ərsəyə gələn sabitlikdən bütün xalqımız bəhrələnir, qələbədən-qələbəyə yol açır, tarixinin yeni səhifələrini yazır. Artıq işğaldan azad olunan Qarabağımızda da asayiş etibarlı əllərdədir. Cinayətkarlıqla uğurlu mübarizə aparan Azərbaycan Polisi, indi o yerlərdə güvənli asayişin təməlini qoyur ki, yurd-yuvasına qayıdan soydaşlarımız çətinliklə rastlaşmasınlar. İllər öncə olduğu kimi, firavan həyatlarına davam etsinlər.
İnanırıq ki, Qarabağda, işğaldan azad olunan torpaqlarımızda fəaliyyətə başlayan polis bölmə və şöbələri əmin-amanlığın, insan hüquq və azadlıqlarının etibarlı qorunduğu ünvan olacaq. Buna polisin şanlı tarixi zəmanət verir.

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et