Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

22.01.2021

İdman arenasından döyüş meydanına

Vətən müharibəsi xalqımızın qələbəsilə başa çatdı. Zəfər sevincini dünyada yaşayan azərbaycanlılar sevə-sevə qeyd etdilər. Biz haqq işimizə, torpaqlarımızı işğaldan azad etmək üçün apardığımız mücadiləyə kölgə salanlara göstərdik ki, milli birlikdən güc alan dəmir yumruq bir qarış torpağı belə düşmən tapdağında qoymaz.
Dünyanı heyrətə gətirən, 30 illik həsrətə son qoyan 44 günlük müharibədə xalqımız düşmənə və onun kimi havadarlarına tarixi bir dərs verdi...
Vətən müharibəsinə qatılan könüllülər arasında DİN İdman Cəmiyyətinin yetirmələri də vardı. İdmançı kimi qələbələrə imza atanlar Vətən savaşında düşmənlə mübarizə apararaq əsl mərdlik, qəhrəmanlıq nümayiş etdirdilər. Cüdo üzrə yüksək nailiyyətlər əldə edən cüdoçularımız – Rüfət Əliyev, Ülvi Pənahov, Elvin Məlikov, kikboksçumuz Kərəm Veyisov şəhidlik zirvəsinə ucaldılar. Onlarla idmançımız isə qazi olaraq sıramıza qayıtdılar.
Döyüşən idmançılarımızı tanımaq, barəsində məlumat almaq üçün əməkdar məşqçi, ölkəmizin Yeniyetmə Gənclərdən İbarət Milli Komandasının baş məşqçisi Hikmət Hacıyevlə əlaqə saxladıq. Yeri gəlmişkən, H.Hacıyev 1994-1997-ci illərdə DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. Füzulidə gedən döyüşlərdə iştirak edib. 1999-cu ildən isə DİO-dadır.
“Daha çox yeniyetmə və gənclərlə işlədiyimdən onların psixologiyasına bələdəm. Bu gün Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda, milli hisslərlə tərbiyə olunurlar. Məhz ona görə də Vətən savaşı başlayanda həmin gənclər böyük bir coşqu ilə döyüşə yollandılar. Dünyanın ən böyük idman arenalarında bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançılarımızın, DİN İdman Cəmiyyətinin yetirmələrinin Vətən savaşındakı qəhrəmanlıqlarını eşidəndə qürurdan sinəmiz qabardı. Onların adı, hünəri, igidliyi əbədi yaşayacaq”, -deyən H.Hacıyev yaralı idmançıların tezliklə sağalıb yenidən idmana qayıtmalarını səbirsizliklə gözlədiyini bildirdi...
Şəhid idmançılarımızın adı Vətən tariximizə qızıl hərflərlə həkk olundu. Onların əziz və işıqlı xatirələri hər zaman hörmətlə anılacaqdır. Bu gün idmanda ilk addımlarını atanlar onların yarım qalmış arzularını həyata keçirəcək, bayrağımızı ən mötəbər yarışlarda dalğalandıracaqlar.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 





Çap et  Çap et