Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

26.10.2020

Polislər yaralı əsgərlərimizi ziyarət etdilər

Sentyabrın 27-də torpaqlarımızı işğaldan azad etmək üçün mərd oğullarımız silaha sarılıb Vətən uğrunda döyüşlərə atıldılar. Onlar düşmənə sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt zalımla və zülümlə barışmayacaq, o öz ərazi bütövlüyü uğrunda qanı, canı bahasına olsa belə doğma torpaqlarını azad edəcək. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da oldu, güllə yarası alanlar da.

Oktyabrın 6-da torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan igid oğullarımızdan biri də ürəyi Vətən eşqi ilə döyünən 30 yaşlı Elvin Qurbanovdur. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində dünyaya gələn Elvin “N” saylı hərbi hissədə xidmət edir. Əsgər yoldaşları kimi o da çox çətin və mühim tapşırıqların öhdəsindən gəlib, mərdliklə vuruşub, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. Fəxrimiz və qürurumuz olan əsgərimiz hazırda xəstəxanada müalicə alır.

Vətən uğrunda yaralanan mərd oğulların ziyarətçiləri də az deyil. Bu günlərdə Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti rayon sakinləri ilə birgə ona baş çəkiblər. Elvin kimi igid oğullarımızla qürur duyduğunu deyən şöbə rəisi, polis polkovniki Həmid Həsənov çox yaxın bir zamanda üç rəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacağına inamını ifadə edib.
RPŞ-nin əməkdaşları Elvinin rayonun Aşağı Zeyid kəndinə yaşayan ailəsi ilə də görüşüblər. Övladlarının mərdliklə Vətən uğrunda döyüşündən fəxrlə danışan ataya belə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edən polislərimiz, onunla fəxr etdiklərini bildiriblər.
Düşmənlə döyüşdə yaralanan digər bir əsgər isə Əlimusa Mehdiyevdir. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanan igidimiz Vətən müharibəsində iştirak etdiyi üçün qürur hissi keçirir. O da döyüşlərdə qolundan yaralanıb. Yarasının onu qorxutmadığını, sağalıb tezliklə cəbhəyə, yoldaşlarının sırasına qayıdacağı günü həsrətlə gözləyir.

Nizam Həmidov,
polis baş leytenantı





Çap et  Çap et