Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

12.08.2020

“Komissar Həsənov”... Onu belə çağırırdılar

“Bu gün sıralarımızda cinayətkarlıqla qətiyyətlə mübarizə aparan, hər anı ölümlə üz-üzə qalan, həyatı filmə çevriləcək yüzlərlə əməkdaşımız var. Zaman gələcək ki, biz də öz “Komissar Kattani”lərimizi ekranlaşdıracağıq.”

“Mübariz Keşikdə”nin ötən saylarının birində “Komissar Kattani” haqqında yazdığımız məqalədə yer alan bu fikirlər həmkarlarımızın diqqətini çəkmişdi. Zəng etmişdilər, fikirlərini bölüşmüşdülər. Hətta bəziləri bu gün Azərbaycan kinosuna yeni nəfəs gətirəcək filmlərin çəkilməsi üçün polisin arxivində, eləcə də cəmiyyətdə rezonanas doğuran və asayiş keşikçilərinin peşəkarlığı sayəsində üstü isti izlərlə açılan kifayət qədər materialların olduğunu dedilər. Düzü, bu reaksiyalar gözlənilən idi...

Redaksiyamıza gələn o zəngdən sonra bir daha əmin olduq ki, fəaliyyətimizi həm də qəzetimiz vasitəsilə izləyirlər. Göyün sirrini yerə daşıdığımız bir dövrdə yaşasaq da internet resurslarını izləməklə yanaşı, qəzet oxumaq zövqündən imtina etməyənlərin, gündəlik çıxan qəzetlərlə yanaşı, hətta sahəvi qəzetləri oxuyub fikir bildirənlərin sayının çox olduğunu gördük.
“Həyatını, xidmətini ekranlaşdırmağa “Komissar Kattani” gəzirsiniz eləmi? Bu gün polisin sıralarında xidmət edən, təqaüddə olan onlarla belə əməkdaş var. Mən onlardan birini yaxşı tanıyıram. Elə siz də onun xidmətinə bələdsiniz”...

İntizarda qaldığımızı görüb özünü təqdim etdi: “Sizinlə danışan Metrologiya İnstitutunun mətbuat katibi Əliabbas Bağırovdur. Qəzetinizin hər sayını oxuyuram, saytınızı izləyirəm. Polisin həyatı, fəaliyyəti mənə həmişə maraqlı gəlib. Riskli peşədir. “Komissar Kattani” başlıqlı yazınız diqqətimi çox çəkdi. Mənim uzun illərdir ki, tanıdığım biri var. Onu gəncliyində “Komissar Kattani” deyə çağırardılar. Təqaüddə olan polis polkovniki Adil Həsənov”.

Əslində, bu bir çağırış idi. Daxili işlər orqanlarında uzun illər xidmət edən, səmərəli, peşəkar fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən, insanların sevgisini, etimadını qazananların tanıdılmasında, barələrində bədii və sənədli filmlərin çəkilməsində ssenaristlərə, rejissorlara təklif verməkdə, yaxından kömək etməkdə ləngisək də, bundan sonra gecikmək olmaz. Çünki ömür an məsələsidir...
“Google” axtarış sistemində və “Youtube”un səhifələrində “Polis polkovniki Adil Həsənov” yazıb axtarış verdik. Onu çoxdan tanısaq da, illərin peşəkarı olduğunu bilsək də vaxtında yazılası çox şeylərin üstündən sükutla keçdiyimizə heyfsiləndik.

Orxan Fikrətoğlunun təqdimatında “İstintaq davam edir” verilişinə baxmaq kifayətdir ki, bu gün dünyanın ən məşhur xəfiyyələri ilə adı bir sırada çəkiləcək Azərbaycan Polisini daha yaxından tanıyaq. Onun rəhbərliyi ilə Masallıda “Xaş-xaş doping 95” şərti adı altında keçirilən əməliyyat tədbirinin sədası günümüzdə belə səngiməyib. Yazı ilə bağlı araşdırma apararkən cənub bölgəsində yaşayanların bu barədə indi də danışdıqları bizi heyrətləndirdi: “Polislər həmin gün elə bir fədakarlıq göstərdilər ki, ölkədə rezonans doğurdu. Masallı rayonunun meşə zolaqlarında silahlı mühafizəçilər tərəfindən qorunan və iki hektar sahəni əhatə edən plantasiyadan 46 tondan çox yaşıl kütlə halında çətənə bitkisi müsadirə edildi. Həmin əməliyyatda iştirak edən polis əməkdaşlarının hər anı ölüm idi”.
Bu əməliyyat “Mir” kanalı vasitəsilə dünyaya yayımlandı. “Oqonyok” jurnalında geniş məqalə çap edildi.

Danışdığımız vaxtda görüşdük. İllərin “qar əli” çoxdan saçlarına sığal çəkmişdi. Yaşı altımışı ötsə də gümrah idi. Hiss olunurdu ki, ürəyi doludur. “Allah özü millətimizi bu bəladan qorusun”,- deyib əllərini göyə qaldırdı. O, aram-aram danışdıqca üzündəki ifadədən illərin yorğunluğunun hələ də canından çıxmadığı aydınca hiss olunurdu. Cənub bölgəsində ezamiyyətdə olarkən görülən işlər barəsində məlumat verməyi gənclərə həvalə edərdi. Düzü, bu bizə qəribə gələrdi. Elə fürsətdən istifadə edib nə üçün belə etdiyini soruşanda gülümsədi: “Cinayətlərin açılmasına mən rəhbərlik etsəm də əsas işi şəxsi heyət görürdü. Məhz bu səbəbdən də cinayətin açılması ilə bağlı müəyyən mətləblərə aydınlıq gətirməyi əməkdaşlara həvalə edirdim ki, həvəslənsinlər, çəkdikləri zəhmətin hədər getmədiyini görsünlər”.

Telefonları susmaq bilmirdi. Yenə də axtarırdılar, arayırdılar, məsləhət alırdılar. İşinin peşəkarı olmaq, təqaüdə çıxdıqdan sonra belə gərəkliliyini hiss etmək insanın xoşbəxtliyidir. O, sanbalı qoruyan, ağırtaxtalı kişilərdəndir. “Köhnəliyi” ilə adamı valeh edir polis veteranı Adil Həsənov.
Maraqlı müsahibdir həm də. Əli işdən, gücdən soyumayıb. Azərbaycan Metrologiya İnstitutunda Qanunvericilik Departamentinin direktorudur. Dərin zəkası, geniş dünyagörüşü, mühakiməsi, hadisələrə münasibəti ilə də bu gün işlədiyi kollektivin rəğbətini qazanıb.
Xidmətdə olarkən polisin adını ucaldan, elin yaddaşında qalan, doğulduğu, işlədiyi rayonların insanlarının bu gün də dilindən düşməyən xeyirxahlığı ona başucalığı gətirib, dünyadan köçənlərinə rəhmət oxutdurub.
Masallıda xeyir-şər evinin, Bərdədə məscidin tikintisində, Gədəbəydə Haçaqaya ocağına aparan yolun təmirində səxavətini əsirgəməyib. Xalqın nəzərində uca olan, inanılmış, sınanmış ocaqların, övliyaların qəbirlərinin üstünü götürməklə Azərbaycan Polisinin dini dəyərlərə sayğısını, hörmətini nümayiş etdirib.

Veteranlara göstərilən diqqət və qayğıdan çox razıdır. Deyir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi onları unutmur, yaddan çıxartmır. Tədbirlərə dəvət alır, gənclərlə görüşürlər.
“Bu gün pandemiya ilə əlaqədar görüşlər təşkil edilmir. İnanıram ki, ölkəmiz bu bəladan da üzü ağ çıxacaq, qaydalara hamılıqla əməl etsək, həyat öz axarına düşəcək. Ölkə başçısı tərəfindən atılan hər bir addım xalqımızı qorumaq üçündür. Bu işdə biz veteranların da üzərinə böyük məsuliyyət düşür. Bəla ilə mübarizədə həmrəylik nümayiş etdirib, birlik göstərməliyik. Azərbaycan Polisi insanların sağlamlığı üçün qətiyyətlə üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Və ən ümdəsi, köməyə ehtiyacı olanlara dəstək olmaqla onlar polis-vətəndaş həmrəyliyini daha da qüvvətləndirirlər”...

Onun ömür yolu yazılacaq kitab, çəkiləcək filmdir. Elə isə daha yaxından tanıyaq: Adil Həsənov 1958-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulub. 1976-1978-ci illərdə Altay vilayətinin Barnaul şəhərində Daxili Qoşunlarda hərbi xidmətdə olub. Tərxis olunduqdan sonra Ulyanovsk şəhərində Post-Patrul Xidmətində polis nəfəri kimi xidmətə başlayıb. Moskvanın Ümumittifaq Hüquq İnstitutuna daxil olub və 1983-cü ildə bitirib. 1988-ci ilin noyabrında Xankəndinə DİN-in tərkibində əməliyyat qrupuna rəhbərlik edib. Torpaqlarımıza erməni təcavüzü başlayanda silaha sarılıb, Ağdamın Güllücə, Şuraabad kəndləri uğrunda gedən döyüşlərdə vuruşub, Cəbrayıl rayonunun 7 kəndinin ermənilərdən geri alınmasında və Daşaltı əməliyyatın da iştirak edib.

Bərdənin, Yardımlının, Gədəbəyin, Astaranın rəisi olub. DİN Baş Cinayət Axtarışı və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarələrində məsul vəzifələrdə xidmət edib. Məhz cinayətkarlıqla qətiyyətli mübarizəsi, xüsusilə ağır cinayətlərin açılması, baş verə biləcək cinayətlərin qarşısının alınmasında fərqləndiyinə görə A.Həsənənov o vaxtın populyar serialının qəhrəmanı “Komissar Kattani” ilə müqayisə edilirdi.
Xidmətləri ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə medal”ı ilə təltif edilib.
Bu gün övladları Sadiq və Məmi Həsənovlar yolunu davam etdirirlər.

Hafiz Təmirov,
Ruslan Vəliyev





Çap et  Çap et