Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

04.07.2020

Bu da bir sinaqdır...

Koronavirus pandemiyasının dünyada vüsət aldığı ilk gündən vətəndaşlarımızın sağlamlığının qorunması dövlət siyasətimizin prioritetinə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizədə çoxsaylı önləyici tədbirlər görməsi, bütün dövlət qurumlarının səfərbər olunması və bəlanın daha böyük faciələrə yol açmaması üçün tətbiq olunan karantin rejiminə nəzarətin Daxili İşlər Nazilriyinə həvalə edilməsi, ümumilikdə, daxili işlər orqanlarının fəaliyyət istiqamətini müəyyən etdi. DİN rəhbərliyinin tapşırığı ilə paytaxtda olduğu kimi, bölgələrdə də polis görəvini daha gücləndirilmiş şəkildə icra etməyə başladı.

Ağ xalatlı xilaskarlarımız olan həkimlərimiz koronavirusa yoluxmuş xəstələrin müalicəsi, onların yenidən sağlam həyata qovuşması üçün necə fədakarlıq göstərirsə, biz də gündəlik olaraq, vətəndaşlarla maarifləndirici söhbətlər aparır və reydlər zamanı mütləq şəkildə müəyyən olunmuş qaydalara riayət etmələrini izah edir, bu qaydaların onların sağlamlığı üçün vacib olduğunu bildiririk. Sərt karantin rejimi günlərində fəaliyyətimizə vətəndaşlar tərəfindən yüksək qiymət verilməsi, tətbiq olunan cəzaların belə anlayışla qarşılanması çəkilən zəhmətin hədər getməməsinin bariz nümunəsidir.

Əvvəlki illərdə olduğu kimi, pandemiya dövründə də Azərbaycan polisi vətəndaşlarımızın köməyinə yetməklə, həmçinin min illər boyu qoruyub-saxladığımız ənənələrimizə sadiqliyi ilə vətəndaş-polis münasibətlərinin nümunəvi tablosunu yaratdı. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində polisin fədakarlığı manşetə çevrildi və apardığımız uğurlu fəaliyyət nəticəsində deyilənləri qulaq ardına vuranlar, vətəndaş məsuliyyətini dərk etməyənlər, ən əsası, qaydaları pozanlar ictimai qınağın hədəfi oldu.
Etiraf edək ki, təkcə öz sağlamlığını deyil, ətrafındakı onlarla, yüzlərlə insanın həyatını təhlükəyə atan və koronavirus epidemiyasına dırnaqarası yanaşanların qaydaları pozması və məsuliyyətsizliyi hüquq mühafizə orqanları əməkdaşlarını da çətin vəziyyətdə qoyur.

Pandemiyaya qarşı mübarizədə ərazi polis orqanlarının roluna, əldə olunan uğurlara və qarşıya çıxan çətinliklərə gəlincə, qeyd etmək istərdik ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi inzibati ərazisi üzrə fəaliyyət istiqamətini günün tələblərinə uyğun qurub. Hələ pandemiya ilə əlaqədar ilkin karantin rejiminin tətbiq olunduğu günlərdə şöbənin əməkdaşları bu bəlanın yoluxucu, insan həyatı üçün təhlükəli, hətta ölümə belə yol açdığı barədə əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparmışlar. Bu gün şöbənin şəxsi heyətinin qarşısında qoyulan əsas tələb koronavirusla mübarizədə daha böyük əzmkarlıqla öz vəzifə borclarının öhdəsindən gəlmələridir. Gücləndirilmiş iş rejimində, özü də belə bir çətin dövrdə xidmət etmək böyük məsuliyyətdir, ancaq söhbət insan sağlamlığından, dövlətin təhlükəsizliyindən gedirsə, deməli, bütün çətinliklərə sinə gərmək üçün üçün var gücümüzü səfərbər etməliyik.

Ötən dövr ərzində tərəfimizdən aparılan statistika zamanı müəyyən etdik ki, karantin rejimi qaydalarını pozanların arasında orta yaş həddində olan şəxslər çoxluq təşkil edir. Düzdür, polis ilkin karantin rejimi dövründə humanizm sərgiləyərək onları xəbərdarlıq etməklə kifayətlənmişdi. Ancaq bu gün yoluxma hallarının çoxalması və ölkə rəhbərliyinin cəzaların sərtləşdirilməsi ilə bağlı haqlı mövqeyindən sonra tərəfimizdən daha sərt addımlar atıldı və atılır.
Yeri gəlmişkən, pandemiya dövründə şöbə əməkdaşları tərəfindən 200-ə yaxın ehtiyacı olan aztəminatlı ailəyə yardım göstərilib. Karantin rejimi qaydalarını pozanlar barəsində 1238 protokol tərtib olunub. Keçirilən reydlər zamanı Hövsan qəsəbəsi Bağlar massivində, Quşçuluq massivində, Hövsan kəndi Zeytunluq sovxozunda rejim qaydalarını pozan 6 kafe sahibinə və müştərilərinə 40-dan çox protokol yazılıb, 3 nəfərə inzibati qaydada həbs cəzası verilib.
Qarşıya çıxan çətinliklərə baxmayaraq, hüquq mühafizə orqanları əməkdaşları vətəndaşlara həssas münasibət göstərir, qanun çərçivəsində hərəkət edir, ən önəmlisi isə sosial məsafənin qorunması, SMS icazənin alınması, qoruyucu maskalardan istifadənin zəruriliyini hər bir vətəndaşla söhbətdə xatırladırlar.
Biz çətinlikdən qorxmuruq. Qutsal görəvimiz uğrunda canımızı verməyə hər an hazırıq. Necə ki, bu gün öz həyatlarını riskə ataraq gecə-gündüz xidmət aparan həmkarlarımız sırasında da təəssüf ki, koronavirusa yoluxanlar və həyatda qalmaq uğrunda mücadilə edənlər var.

Pandemiya üzərində qələbə çalmağımız üçün cənab Prezidentin də vurğuladığı kimi, “Biz birlikdə güclüyük!” devizi ilə həmrəyliyə nail olsaq, “Evdəqal” çağırışına qoşulsaq, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirsək, həm də vətəndaş olaraq məsuliyyətimizi dərk edib qaydalara riayət etsək, o zaman dövlətimizi, elə öz taleyimizi, sağlamlığımızı, doğmalarımızı da pandemiyadan xilas edə bilərik.

Elnur Əliyev,
Suraxanı RPİ-nin
30-cu Polis Şöbəsinin rəisi,
polis polkovnik-leytenantı

 





Çap et  Çap et