Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

11.06.2020

"Koronavirusdan sonraki həyat"

Azərbaycan Respublikasının ilk Ombudsmanı, professor Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən "Koronavirusdan sonrakı həyat" adlı esse müsabiqəsinin qaliblərinin adı açıqlanıb.
Müsabiqəyə rus və Azərbaycan dillərində 100 nəfərə yaxın iştirakçı esse təqdim edib.
Bakı Kitab Mərkəzində baş tutan mükafatlandırma tədbirində çıxış edən E.Süleymanova hər kəsin evdə qalmaqla özünün potensialından istifadə edərək maraqlı yaradıcılıq nümunələri ərsəyə gətirə biləcəyini deyib və bu ideyanın həyata keçməsində dəstək olan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızına təşəkkürünü bildirib.

Günel Anarqızı ideyanın belə bir çətin dövrdə maraq doğurduğuna diqqət çəkərək bu işdə ona yardımçı olan münsiflər heyətinin üzvlərinə-"525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcidə, şair-tərcüməçi Səlim Babullaoğluna, yazıçı-dramaturq İlqar Fəhmiyə, yazıçı-tənqidçi Tofiq Məlikliyə minnətdarlığını ifadə edib.
"Maraqlı yazılar vardı. Bu, mənim üçün bir sürpriz oldu. Adətən, eyni mövzu olanda yazılar bir-birinə oxşar olur. Bu yazıların arasından məhz tələblərə uyğun olanı seçmək isə Münsiflər Heyətinin üzərinə düşür. Koronavirusdan sonrakı həyatla bağlı bir neçə yazıda verilən proqnozlar mənə maraqlı gəldi. Bu baxımdan o tipli yazıları yüksək qiymətləndirdim. Hesab edirəm ki, nəticələr obyektiv oldu”.

Münsiflər heyətinin üzvü S.Babullaoğlu hazırda dünyanı narahat edən pandemiyaya həsr edilən mövzu üzrə müsabiqənin keçirilməsini təqdirəlayiq hal sayıb: "Gənc nəslin bu ağrılı problemə nə qədər həssas yanaşması, onun qarşısını almaq üçün ideyaları oluqca maraqlı idi. Çox sevindirici haldır ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları da müsabiqəyə məntiqli, savadlı, bədii rəngarəngliyi ilə seçilən esselər təqdim ediblər. Bu, bizi sevindirir. Gələcəkdə savadlı polislərlə ünsiyyətdə olmaq hər birimiz üçün çox xoş olar. Mən buna görə onlara təşəkkür etmək istəyirəm. Azərbaycan dilində təqdim edilən esselərdən 15-ə yaxını olduqca maraqlı və əhatəli idi”.
Qeyd edək ki, müsabiqəyə Polis Akademiyasının 10-dan çox kursantı esse təqdim edib.
Müsabiqədə 2-ci yeri Azərbaycan bölməsi üzrə Polis Akademiyasının 1-ci kurs kursantı Firdovsi Əliyev tutub. Qalibə “Baku Book Center”dən Sertifikat, 300 manat, eyni zamanda Polis Akademiyası rəisinin əmri ilə “bir aylıq vəzifə maaşı” məbləğində pul mükafatı təqdim edilib.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı





Çap et  Çap et