Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

24.05.2020

Vətəndaş müraciət edir, diqqət görür, qayğı ilə əhatə olunur

Koronavirus səbrimizi, dözümümüzü sınağa çəkdi. Sağlamlığın ən qiymətli olduğunu anlatdı bizə. Dünyamızı qorumaq üçün atılmış ilk addım, sən demə, bir-birimizə olan sevgimizi, sayğımızı, etibarımızı qorumaqmış. “Qonşun acdısa , sən tox yata bilməzsən”;-deyib bizi oyadan vicdanımızın səsini nə yaxşı ki, XXI əsr batırmayıbmış. Bir sözlə insanlıq ölməyib hələ.
Daxili İşlər Nazirliyinə ünvanlanan məktubların qayəsini bu fikirlər təşkil edir.

Polisin adına, ünvanına deyilən xoş sözləri oxumaq eşitmək qədər zövqlüdür. Cəmiyyət üçün təhlükəli birini polis saxlayanda, qanuna təslim edəndə əsl vətəndaşın qürur hissi ilə yanaşı, sevincini görmək biz asayiş keşikçilərinə ölümü belə məğlub etməyə ruhlandırır. Polisin adını, nüfuzunu sığındığı, sevgisini qazandığı xalqdır ucaldan. Xalqa vəfa borcunu asayişi etibarlı qorumaqla, cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqla bitmiş hesab etməyən polis bu çətin günlərdə həm də yardımsevərliyi, min illər boyu qoruduğumuz ənənlərimizə, “çətinə düşənin yanında ol” gələnəyimizə sadiqliyi ilə yadda qaldı.

Paytaxtda olduğu kimi regionlarda da “evdəqal”an aztəminatlı, köməyə ehtiyacı olan vətəndaşlarımıza digər qurumlar kimi polis də kömək əlini uzatdı. “Sizi dövlət unutmur”,-deyən Azərbaycan Polisi xalqının xidmətçisi kimi insanlara sevinc bəxş etdi. Onlar da bunu unutmadılar. Xoş sözlə, xeyir-dua ilə bizimlə həmrəy olduqlarını nümayiş etdirib “Mənim polisim, məni qoruyur” fikrini daha ucadan və daha ürəklə dedilər.
Şəmkir rayon sakini Tofiq Rəsulov da DİN-ə ünvanladığı təşəkkür məktubunda bu ağır günlərdə daxili işlər orqanlarının əməkdaşları vətəndaşların sağlamlığını qorumaq üçün gecə-gündüz xidmət apardığını, öz sağlamlıqlarını riskə atdığını yazır. O, insanların hüquq və azadlıqlarının, ictimai asayişin və sabitliyin keşiyində durmaqla yanaşı, asayiş keşikçilərinin cinayətkarlıqla qətiyyətli mübarizəsinin də Vətənə, dövlətə xidmətin bariz nümunəsi olduğunu vurğulayır. Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə nəzarət edən, millətini, dövlətini qarşılıqsız sevən polisin hər bir azərbaycanlının güvənc yeri olduğunu qeyd edir: “Karantin rejimi olduğundan Sumqayıtda yaşayan, qayğıya ehtiyacı olan qohumlarıma kömək etməkdə çətinlik çəkirdim. Çünki gediş-gəliş mümkün deyildi. Daxili İşlər Nazirliyinə müraciət etdim. Məni Şəmkir RPŞ-yə dəvət edib qohumlarımla maraqlandılar, onların ünvanını soruşdular. Həmin günün axşamı telefonuma qohumlarımdan zəng gəldi: “Xəbərin var, polislər bizə Şəmkirdən ərzaq gətirmişdilər”,-deyəndə tutuldum. Bunu yalnız Azərbaycan Polisi edə bilərdi”...

Eşqin Qasımov,
polis baş leytenantı





Çap et  Çap et