Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.05.2020

Çağırışçıların hərbi xidmətə qəbulu diqqət mərkəzindədir

Mayın 1-dən DİN Daxili Qoşunlarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi həyata keçirilir.
Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının “Daxili Qoşunlara çağırışçıların seçilməsi, qəbulu, daşınması və sıraya daxil edilməsi ilə əlaqədar təşkilati tədbirlərin keçirilməsi haqqında” əmrilə çağırışçıların tibbi müayinəsi aparılır və mənəvi-psixoloji durumu qiymətləndirilir.
Onların xidmətə qəbulu, yerləşdirilməsi, xidmətə uyğunlaşdırılmaları, nizamnamələrin müddəaları ilə tanış olmaları, tədbirlər planına əsasən icra edilir.
Qəbul məntəqəsində çağırışçıların ailə vəziyyətləri, dünya görüşləri, orduya münasibətləri, təhsilləri, bacarıq və işgüzar keyfiyyətləri, yaxın qohumlarının məhkumluğunun olub-olmaması ətraflı öyrənilir.

Onlara hərbi xidmətin üstünlükləri izah edilir, dövlət və dövlətçiliyə sadiqlik, Vətənə məhəbbət kimi müqəddəs hisslərin, döyüş ruhunun aşılanması, mənəvi-psixoloji durumun yüksəldilməsi məqsədilə Daxili Qoşunların keçdiyi şərəfli döyüş yolu, qəhrəmanları haqqında məlumat verilir.
Sonra çağırışçılar həkim-terapevt, həkim-stomatoloq, həkim ekspert-psixonevroloq, ordinator-oftalmoloq tərəfindən müayinə olunur, ümumi bədən baxışı keçirilir və profilaktik flüoroqrafik müayinə aparılır.

Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar TƏBİB-in həkimləri tərəfindən bütün çağırışçılardan analizlər götürülür.hərarətləri ölçülür və onlar tibbi maskalarla təmin olunurlar. Praktiki sağlam hesab olunanlar, hərbi xidmətə qəbul olunurlar.
Bütün bunlar onu deməyə əsas verir ki, Daxili Qoşunların sıralarına xidmətə yeni qəbul olunmuş çağırışçıların Vətənə layiqli, vətənpərvər hərbi qulluqçu kimi formalaşması Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir.
Xədicə Hacızadə,
baş leytenant





Çap et  Çap et