Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.05.2020

Nə yaxşı ki, xatirələr yaşayır

Çoxlarının arzusunda olduğu mundiri geyinəndə sevinci yerə-göyə sığmayıb. Arıq, çəlimsiz qızın milisin sıralarına qoşulmasına valideynləri razılıq versə də, yaxınları istəyinə qarşı çıxıblar. Özünütəsdiq üçün seçdiyi və sevdiyi peşə uğrunda ilk mübarizə apardığı yaxınları olub.

Beləcə, bərkə-boşa düşüb və qatı açılmayan cinayətlərin açılmasında göstərdiyi qətiyyət çoxlarını, elə milisə gələn yollarını bağlamaq istəyənləri də heyran qoyub. Dönməzliyi, tələbkarlığı ilə fərqlənib. Çalışıb ki, xidmətdə qadın olduğuna görə ona güzəşt etməsinlər. Hörməti də, sevgini də peşəsinə münasibətilə qazanıb. O, səmərəli və fədakar əməyinə görə dəfələrlə mükafatlandırılıb. Nə çətindən qorxub, nə də ki, işin ağırından. Qadın ürəyinin odunda əridib uzun, qara gecələri…
Ölümündən bir neçə gün əvvəl ona “ötən günləri necə xatırlayırsız” sualı ilə müraciət edən jurnalistə cavabı belə olub: “Balıq dəryadan ayrılmadığı kimi, mən də peşəmdən ayrı qala bilmirəm”.
Bu gün şirinli-acılı xatirələrdə ölməzlik qazanan polis mayoru Azadə Axundova 30 illik fəaliyyəti dövründə çoxlarına örnək bir ömür yaşadı. Peşəsi ilə nəfəs aldı. Ömür yolu, öz keçmişi ilə tanışlıqdan sonra aydın olur ki, iradəsi, cəsarəti, qanunların aliliyinə hörmətlə yanaşması, dövlətin və xalqın mənafeyinə xidmət etmək istəyi onu daxili işlər orqanlarına gətirib.
Azadə Gülbaba qızı Axundova 1930-ci il mayın 2-də Bakının Qala qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. Ailədə 8 uşaq olublar. 1947-ci ildə Qala kəndindəki 185 saylı orta məktəbi bitirib. Tarixi, ədəbiyyatı sevib, atasının ona danışdığı cümhuriyyətimizin gerçək tarixini isə heç vaxt unutmayıb.
A.Axundova 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təyinatla Uşaq cəzaçəkmə müəssisəsinə göndərilib. Burda ilk cinayətini törətmiş uşaqların psixologiyasını öyrənib, onları pis əməllərdən, zərərli vərdişlərdən çəkindirmək üçün gecəsini-gündüzünə qatıb. Milis zabiti kimi ömrünün 5 ilini uşaqlara həsr edib. Sonra Daxili İşlər Nazirliyinin göndərişi ilə 26-lar Rayon Polis Şöbəsinə müstəntiq vəzifəsinə təyin olunub.
Peşəsinə, andına və dövlətə sadiqliyi rəhbərliyin diqqətindən kənarda qalmayıb. İllər ötdükcə həm təcrübə qazanıb, həm də çiynindəki ulduzların sayı çoxalıb. Beləcə, “leytenant”dan “mayor” rütbəsinədək ucalıb.
1974-1976-cı illərin onun taleyində xüsusi yeri var. Ölkədə rezonans doğuran bir çox cinayətlərin açılmasında fəal iştirakına, qətiyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. O, 1992-ci ildə Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının üzvü seçilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı idi. 1984-cü ildə ehtiyatda olan milis mayoru kimi təqaüdə çıxıb.
O, bir qadın, ana kimi də ailədə öz missiyasını fədakarcasına yerinə yetirib, üstəlik “Neft Daşları”nda işləyən həyat yoldaşının da ailədəki yükünü çiyinlərində çəkib.
İllər ötüb, oğul evləndirib, qız köçürüb, nəvələrinin dilində nənə kimi əzizlənib, böyük bir ailənin ağbirçəyi olub.
Fədakar ana və polis ömrü yaşamış A.Axundova 2016-cı il noyabrın 18-də 86 yaşında dünyasını dəyişib. Yaşasaydı yeddi nəvəsi və yeddi nəticəsi ilə 90 yaşını qeyd edəcəkdi.
Peşəkarlığı, cəmiyyətdə şərəfli adı, ləyaqəti, ziyalılığı ilə yaddaşlarda qalmaq hamıya nəsib olmur. Ondan yadigar qalan ağlı-qaralı şəkillərdən boylanan baxışlarından isə biz gənclərə ünvanlanan bu fikirləri oxuyuruq: “Həyatın çətinliyi, əslində, onun gözəlliyidir. Çətindən qorxmayın, çünki sonunda əbədi bir rahatlıq var. Tarixdə yaşamaq və xatırlanmaq istəyirsinizsə dürüst və vicdanlı olun. İçdiyiniz anda sədaqətinizi isə həyatınız bahasına olsa belə sübut edin. Belə etsəniz xatirələrdə yaşayacaqsınız”.
Hafiz Təmirov,
Teymur Əlizadə

 





Çap et  Çap et