Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

12.04.2020

On bir sual. on bir cavab

Xüsusi karantin rejimi dövründə xidmət aparan polis əməkdaşlarının və hərbi qulluqçuların bilməsi vacibdir.

1. Xüsusi karantin rejimi dövründə icazə əsasında küçəyə çıxan şəxslərin əlcək geyinməsi və maska taxması vacibdirmi?

- Xüsusi karantin rejimi dövründə küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmur.

2. Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə almalıdırmı?

- “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

3. Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi?

- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.
4. Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?

- xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkətinə yol verilən, barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına, yəni 8103 nömrəsinə SMS ilə müraciət etməsinə zərurət yoxdur.

5. Məişət tullantılarının atılması məqsədi ilə evdən çıxmağa icazə tələb olunurmu?

- Məişət tullantılarının atılması məqsədi ilə evdən çıxmağa icazə almaq tələb olunmur. Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır.

6. Evdən icazəsiz çıxmış şəxs polisin dərhal evə qayıtması tələbini yerinə yetirirsə, o, cərimə olunacaq, yoxsa xəbərdarlıqla kifayətlənəcək?

- Polisin evə qayıtmaq tələbini dərhal və sözsüz yerinə yetirən icazəsiz evdən çıxmış şəxsə xəbərdarlıq edilir.

7. Dəfnində iştiraka icazə verilən yaxın qohumlar hansılardır?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

8. Şəxsi taksi sürücülərinin fəaliyyətinə hansı şərtlər daxilində icazə verilir?

- xüsusi karantin rejimi dövründə taksi xidmətləri hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər və onların işçiləri, habelə şəxsi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün “Fərqlənmə nişanı” almış vergi ödəyiciləri tərəfindən göstərilə bilər. Həmin şəxslər barəsindəki məlumatlar elektron imzadan istifadə etməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətlərinə icazə verilir. Digər hallarda taksi xidmətlərinin göstərilməsinə yol verilmir.

9. Polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra onun bir nüsxəsini vətəndaşa təqdim etməlidirmi?

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun surəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.


10. Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər?

- Respublikanın digər şəhər və rayonlarına getmiş Bakı şəhərində daimi qeydiyyatda olan şəxslər fərdi avtomobilləri ilə, avtomobili olmayanlar isə hər bir rayonun (şəhərin) hüdudunadək taksilərdən istifadə etməklə paytaxta qayıda bilərlər.

11. Ev heyvanı – itin gəzdirilməsi üçün kimdən icazə almaq lazımdır?

- ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər iki saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

Daxili İşlər Nazirliyi





Çap et  Çap et