Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.03.2020

Onlar bizim fəxrimizdir

TƏLƏBLƏR İLLƏR ÖNCƏ OLDUĞU KİMİDİR: SAVADI, BACARIĞI OLANLARA HƏR ZAMAN YAŞIL İŞIQDIR. ƏSAS MEYAR ŞƏXSİ NAİLİYYƏTLƏRLƏ YANAŞI, AKADEMİYANIN DA ADINI, NÜFUZUNU UCALTMAQ, ALİ MƏKTƏBLƏR SIRASINDA REYTİNQİNİ YÜKSƏLTMƏKDİR...
Lütfi Zadə deyirdi ki, qabiliyyət, zəhmət və israr insana məqsədinə çatmaqda kömək edən əsas şərtlərdəndir. Uğura gedən yol hər zaman daşlı-kəsəkli, enişli-yoxuşlu olub və əziyyətsiz rahatlıq qazanmaq mümkün deyil. Yeni bir addım atmaq, yeni bir fikir söyləmək isə həm də cəsarət tələb edir.
Əslində, bu fikirləri yazmaqla uzun illər müşahidə etdiyim və bir zamanlar içində olduğum həqiqəti sizlərlə bölüşmək istəyirəm. Daxili işlər orqanlarına gəlişim bəlkə də ilk günlər, ilk illər mənə möcüzə kimi gəlirdi. İllər ötdükcə anladım ki, istedadını, qabiliyyətini, özünü təsdiq üçün göstərdiyin çabanı görür və qiymətləndirirlər. Yetər ki, geri çəkilməyəsən və hədəfinə doğru irəliləyəsən...
Bu gün onların da hədəfi təhsil aldıqları ali təhsil ocağında yaxşı oxumaq və əla qiymətlərlə bitirməkdir. Bilirlər ki, xoşbəxtliyə gedən yol kitablardan, intellektdən və yüksək dünyagörüşdən keçir. Bir də ki, bütün bunları əldə etmək üçün burada hər cür şərait yaradılıb. Vətənimizin erməni qəsbkarlarının işğalı ilə üzləşdiyi bir dövrdə yetirmələri əlinə silah alıb döyüşən, şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən və bu gün də mərd, mübariz, mətin addımlarla gələcəyə doğru irəliləyən hüquqşunaslar, asayiş keşikçiləri hazırlayan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hansı sınaqlardan keçməsini təsəvvür etmək elə də çətin deyil. Tarixə qısaca nəzər yetirmək kifayətdir.
Ötən dövr ərzində beynəlxalq əlaqələri ildən-ilə genişlənən, mötəbər tədbirlərə ev sahibliyi edən, kursantları dünyanın elm və idman arenalarında uğurlar qazanan Polis Akademiyasında təhsil almaq, sözün əsl mənasında, xoşbəxtlikdir.
Kursant adını qazanmaq üçün hər il onlarla məzun sənədlərini məhz Polis Akademiyasına verir. Ancaq heç də hamı arzusuna çatıb, istəyinə nail olmur. Meydan güclülərin, biliyinə, savadına güvənənlərin və əlbəttə ki, qalibiyyət də onlarındır.
Polis olmaq arzusu ilə qəbul imtahanlarından yüksək bal toplamaq işin bir tərəfidir. Əsl sınaqlar qəbul olunduqdan sonra başlayır.
Birincilər sırasında olmaq üçün rəqabətə davam gətirmək də hər kursanta nəsib olmur. Tələblər illər öncə olduğu kimidir: savadı, bacarığı olanlara hər zaman yaşıl işıqdır. Əsas meyar şəxsi nailiyyətlərlə yanaşı, akademiyanın da adını, nüfuzunu ucaltmaq, ali məktəblər sırasında reytinqini yüksəltməkdir...
Polis Akademiyasının kursantlarının təhsilə, elmə, tədris müəssisəsinin ictimai həyatında fəal iştiraka marağının, tapşırılan işə yaradıcı münasibətinin artırılması üçün DİN-in 23 aprel 2008-ci il tarixli əmri ilə təsis edilmiş “Heydər Əliyev təqaüdü” gələcək uğurların təməl daşına çevrildi.
“Əlaçı müdavim” və I və II dərəcəli «İdmançı müdavim» döş nişanlarının təsis edilməsi isə təlimdə və tədrisdə fərqlənmək istəyənlərin yoluna “yaşıl işıq” yandırdı.
Yeri gəlmişkən, bu gün adı gələndə qürur hissi keçirdiyimiz, Polis Akademiyasını əla qiymətlərlə, “Heydər Əliyev” təqaüdü ilə bitirənlərin hüquqşünas kimi yetişməsində zəhməti olan professor-müəllim heyətinin gərgin əməyini də xüsusilə qeyd etməliyik. Kursantlara valideyn qayğısı ilə yanaşan, öyrətmək üçün gözünün nurunu, könlünün sevgisini və əsəblərini qurban verən fədakarları, əlbəttə ki, unutmaq olmaz. Elə həmsöhbətlərim də bunu dönə-dönə vurğuladılar.
Onları axtarıb tapmaq asan olmadı. Çünki DİN-in müxtəlif qurumlarında xidmət edirlər.
Yaqublu Orxan Kamal oğlu 2005-ci ildə DİN-in Polis Akademiyasına daxil olub. Akademiyanı 2010-cu ildə ələ qiymətlərlə və “Heydər Əliyev təqaüdü” ilə bitirib. Əlaçı kursant kimi ona “polis baş leytenantı” xüsusi rütbəsi verilib və Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müstəntiq vəzifəsinə təyin edilib. 2014-cü ildən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində müstəntiq vəzifsinə irəli çəkilib. Hazırda Baş idarənin baş müstəntiqidir. Həmkarımıza ötən ildəki fəaliyyətinə görə DİN rəhbərliyi tərəfindən mükafat qaydasında “polis polkovnik-leytenantı” xüsusi rütbəsi verilib.
Polis polkovnik-leytenantı Bəylər Elgün Nuğay oğlu 2003-cü ildə 604 balla DİN-in Polis Akademiyasına qəbul olunub. 2008-ci ildə Akademiyanı “polis baş leytenantı” xüsusi rütbəsi və “Heydər Əliyev təqaüdü” ilə bitirib. 2008-2014-cü illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı, müstəntiq və baş müstəntiq vəzifələrində xidmət edib.
2014-cü ilin iyul ayından 2016-cı ilin mart ayınadək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil kimi fəaliyyət göstərib. 2016-cı ilin mart ayından DİO-da xidmətə yenidən qəbul olunub. Müxtəlif vəzifələrdə çalışıb. Daxili Təhqiqatlar İdarəsinin Ərizə və şikayətlərə baxılması şöbəsinin rəisidir.
Polis baş leytenantı Həsənov Şamxal Ərşad oğlu 2012-ci ildə 663 balla DİN-in Polis Akademiyasına daxil olub. Əlaçı kursant kimi 2013-cü ildən “Heydər Əliyev təqaüdü”nə layiq görülüb. O da Akademiyanı 2017-ci ildə əla qiymətlərlə və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirib, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib. Hazırda Baş İdarənin Nəzarət-Metodiki İdarəsinin müstəntiqidir.
“Heydər Əliyev” təqaüdçülərindən Fəxri Babazadənin, Nicat Naibovun, Tərlan Zeynalovun və Süleyman Eyvazovun adını Polis Akademiyasını müxtəlif illərdə bitirmiş əlaçı məzunlar üçün ayrılmış lövhədə görmək çox qürurvericidir.
İnanırıq ki, hələ uzun illər bu gözəl ənənə davam edəcək və sıralarımızda ulu öndərin adını daşıyan təqaüdə layiq görülənlərin sayı ilbəil artacaq.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı





Çap et  Çap et