Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.03.2020

Gənclik güclü olanda…

Ulu öndər Heydər Əliyev deyirdi ki, bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün fiziki, mənəvi və əqli cəhətdən sağlam gənclər hazırlamalıyıq. İdman gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir.
Dünyada idman ölkəsi kimi tanınan Vətənimizin hələ sovet dönəmində idmançılarının əldə etdiyi uğurlar beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdu.
Müstəqilliyimizin ilk illərində idmanımız da bütün sahələr kimi çətin günlər yaşadı. Adlı-sanlı idmançılarımız əlinə silah götürüb vətənin müdafiəsinə qalxdı. Elə daxili işlər orqanlarının əməkdaşlarının da adlarının qızıl hərflərlə həkk olunduğu idman tariximizi tarixin arxivinə atılmaqdan ulu öndərin yenidən ali hakimiyyətə qayıdışı xilas etdi. İdman ötən müddət ərzində həm ümummilli hərəkata, həm də gənclərin taleyinə çevrildi. Paytaxtımızda olduğu kimi, bölgələrdə də yeni idman kompleksləri tikilib-istifadəyə verildi, müxtəlif idman növlərində çempionlarımızın sırası genişləndi.
Yeri gəlmişkən, idmançı gənclərin yetişməsində DİN İdman Cəmiyyətinin də öz yeri var. Cəmiyyət dünən olduğu kimi, bu gün də idmanın inkişafına böyük töhfələr verir, əməkdaşların fiziki hazırlığında müstəsna rol oynayır. Həmkarlarımızın idman hazırlığının yüksəldilməsi, fiziki və psixoloji gərginliklə bağlı dözümlüyünün artırılması məqsədilə bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər bütövlükdə cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.
İdman Cəmiyyətinin yetirmələri-dünya və Avropa çempionları Radik Hüseynov, Eldəniz Əzizli, Ramal Aslanov, Əli Rəhimzadə, Elnur Həmidov, Məhəmməd İmanov, Aydın Ağabəyov və bir çoxları bu gün də Azərbaycanın bayrağını böyük arenalarda dalğalandırır və himnimizi səsləndirirlər.
DİN-in İdman Cəmiyyətinin qapıları polis əməkdaşları və onların ailə üzvlərinin üzünə hər zaman açıqdır. Məhz buna görə də bu idman cameəsi polis əməkdaşları ilə bərabər yeniyetmə və gənclərin, həmçinin bütün idman həvəskarlarının sevimli məkanına çevrilib.
Hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunsa da, ümumiyyətlə, mart ayı gələndə “Odlar yurdu”nun hər bir bucağında bayram əhval-ruhiyəsi duyulur.
Bu ellik bayram, idman günü münasibətilə DİN İdman Cəmiyyətinin rəhbərliyini, bütün idmançılarımızı təbrik edir, onlara uğurlar arzulayırıq. İdmanı həyat tərzinə çevirən, günə sağlam ruhla başlayan hər kəs çevrəsindəkilərə sevinc bəxş edirsə, xoş ovqat yaradırsa, deməli, o üzləşdiyi hər çətinliyə rəğmən dünyanın xoşbəxtidir.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı





Çap et  Çap et