Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.02.2020

Şəhid şəhərin sakini...

Düz 28 ildir ki, kökləndiyim dərdin hər telindən ah-nalə qopur. 28 ildir ki, dərdin qardaşı, qəmin bacısıyam. Bizim anamızı Xocalıda öldürdülər. Başı özünə qarışan Tanrının yadından elə çıxdıq ki, yadına düşəndə cansız bədənlərin üstündə mələklərin hönkürtüsü eşidilirdi...

Xocalıdan sonra fevral ayı insanların gözündən düşdü. Doğum günü bu aya təsadüf edənlər ömürlərindən 1 ilin üstündən sükutla keçdilər...
Yenə də sükut içindəyəm. Amma yazmaq istəyirəm. Necə başlayacağımı bilmirəm. Bəzən ürəyimdə yazını yazıb bitirirəm də... Göz yaşlarımla.... Hələ də gözümün önündən getmir, elə bil ki, dünən olub...
1992-ci il fevralın əvvəllərində Malıbəyli və Quşçular kəndlərinə hücum edən düşmən daha da azğınlaşdı. Fevralın 16-dan 17-nə keçən gecə Qaradağlı yandırıldı. “Ölümün qapısı” bu dəfə xocalıların üzünə “açılmışdı”...
Fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunub, yerlə-yeksan edildi və erməni millətçiləri dünyada misli-bərabəri görünməyən vəhşiliklə azərbaycanlılara qarşı soyqırımı törətdilər.
Həmin gecə Xocalıda yalnız ölülər qaldı.
Şəhidlər göylərdən və küskün başdaşlırından boylanıb susarlar, danışmazlar. Şahidlər isə o günü xatırladıqca şəhid olarlar, yüz yol ölüb, dirilərlər...
O gecənin şahidlərindən, o gecənin sakinlərindəndir polis mayoru Rəhman İsmayılov.
Ürəyimlə əlbəyaxa olduqdan sonra “Mənə Xocalıdan danışın”, - dedim. Susdu və dərindən ah çəkdi: “21 yaşımdan vətənin keşiyindəyəm. 1988-ci ildən 1992-ci ilə qədər xocalılar düşmənə dirəniş göstərdi. Silahımız yox idi. Dəhrə, balta və yaba ilə düşmənin qarşısına çıxırdıq. Bir qarnı tox, bir qarnı ac mübarizə aparırdıq.
Düşmənin məqsədi Qarabağdakı yeganə hava limanı olan Xocalı aeroportunu tutmaq idi. Xocalı aeroportunu mühafizə edən polis bölməsinin yaranması və Əlif Hacıyevin rəis təyin edilməsi onların ümidlərini puç etmişdi.
O, ermənilərə göz verir, işıq vermirdi. Ermənistandan gələn təyyarələrə nəzarət edir, onların uçuşlarını məhdudlaşdırır, Xocalının müdafiəsi üçün var qüvvəsi ilə çalışırdı.
Xocalının müdafiəsi məqsədi ilə 9 post qurulmuşdu. Hər postda 20 nəfər keşik çəksək də 12 avtomatımız vardı. Qalanlar da yabayla, daş parçasıyla keşikdə dururdu.
Hadisədən bir gün əvvəl yas mərasimindəydik. Axşam üstü qulağıma qəribə səslər gəldi. Diqqətlə qulaq asdıqdan sonra bildim ki, bu tankların səsidi. Heç ağlımıza gəlməzdi ki, rusların 366-cı alayı camaata divan tutar. Başımı qaldırıb yuxarı baxanda gördüm ki, göyün üzü qırmızı rəngdədir. Şaxtalı qış gecəsində elə bil qar üstünə qan yağırdı. Qaladərəsi kəndini yandırmışdılar. Fevralın 25-i axşam Xocalı toplardan və ağır artilleriyadan atəşə tutuldu. Canını qurtarmaq üçün çöllərə, meşələrə üz tutan xocalıları erməni faşistləri güllələyir, ələ keçirdiklərini vəhşicəsinə qətlə yetirir, körpə uşaq, yaşlı demədən gözlərini çıxarır, başını kəsir, dərisini soyur, hamilə qadınların qarınlarını deşir, döşlərini kəsir, övladlarını anaların gözləri önündə işgəncələrlə öldürürdülər. Küçələr, yollar insan meyiti ilə dolmuşdu.
Qarqar çayından keçərək Ağdama doğru gedirdik: qarın üstündə, ac-susuz, taqətsiz...
Yaxın qonşularım, qohumlarım həlak oldu... O gecə Əlif Hacıyev, qardaşı Süleyman və 16 nəfər Xocalı Polis şöbəsinin əməkdaşı şəhidlik zirvəsinə ucaldı.”
...Polis mayoru R.İsmayılovun 53 yaşı var. Bəlkə də Xocalıda yağan sonuncu qardı həmkarımızın saçlarındakı. Xocalıda yaşadığı Vətənli günləri üçün ömrünün qalan hissəsini qurban verməyə hazırdır.
Və dünyada hər şeyin, dərdin də, əzabında bir sonu var, elə bizim Vətən niskilimizin də...

Ruhiyyə Əliyeva,
polis baş leytenantı





Çap et  Çap et