Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.12.2019

Güvənir, inanır və qalib gəlir

İdmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar bu gün hər birimizi sevindirir. Gücünə, inadına inananların qələbə əzmi ilə sınaqlardan üzüağ çıxması onların davamçılarının da sayını günü-gündən artırır. Göstərilən diqqət və qayğı isə göz önündədir. Hər bir gəncin sağlam böyüməsi dövlət siyasətimizin prioritetidir.

Son zamanlar bölgələrimizdən çıxan dünya çempionlarının sayı onu deməyə əsas verir ki, gənclərimiz zərərli vərdişlərə deyil, idmana, bədən tərbiyəsinə daha həvəslə meyl edir, sağlam gələcək uğrunda mübarizə aparırlar. Ulu öndərimizin təbirincə desək, biz idmanı ümumxalq hərkatına çevirə bilmişik və bu siyasət uğurla davam etdirilir.
Polis idmançılarımızın qazandığı qələbələrə artıq adətkar olmuşuq. Bilirik ki, onlar Vətənə medalsız dönmyəcəklər. Asayişin, əmin-amanlığın keşiyində durmaqla yanaşı, Azərbaycan adını sevə-sevə dünyada öz gücləri, intellektləri ilə tanıdırlar və bu artıq ənənə halını alıb.

“Polis çiynini hər zaman işin ağırına verir. Ölkəmizin taleyüklü dönəmlərində gecə-gündüz bilməyib. Nəticə göz önündədir. Bu gün sabitlikdir və biz onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə ərmağan etməliyik. Paqondaşlarımızın, o cümlədən Şöbəmizin əməkdaşı, polis serjantı Roman Əhmədovun ən çətinin öhdəsindən gələrək idmanda da böyük uğur qazanması hər birimizi sevindirir”,- deyən rəis, polis polkovniki Xəqani Cəfərov yarış çempionun özü ilə görüşməyimizi məsləhət gördü.

Çempionumuz 1985-ci ildə Ağdaşda doğlulub. Kiçik yaşlarından idmanla məşğul olub. İdmanın pauerliftinq növü ilə 2017-ci ildən məşğul olur. Ötən iki il ərzində respublika və beynəlxalq idman arenalarında 82 kiloqram çəkidə yüksək nəticələr göstərib. Finlandiyada pauerliftinqin VPC növü ilə keçirilən yarışdan da o, qızıl medal qazanaraq ən güclülərdən olduğunu bir daha sübut edib. Deyir ki, həmin yarışa qatılan 6 idmançımızdan 3-ü polis idi.
Roman Əhmədov üçnövçülükdə ilk üçlüyə düşüb və 6 rəqibinin dizini yerə gətirərək 275 kiloqram qaldıraraq yarışın qalibi olub.

Həmkarımız 2009-cu ildən sıramızdadır və Polis olduğu üçün qürur duyur. Və elə bu ovqatla da gələn il İngiltərədə keçiriləcək Avropa çempionatına əzmlə hazırlaşır. Uğur olsun!

T.Hafiz

 





Çap et  Çap et