Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

21.11.2019

Əfqanıstandan…Qarabağa

“Mən ordakı hadisələrin heç birini unutmamışam. Dünən, srağagün etdiyim söhbətlər yadımdan çıxa bilər, amma Əfqanıstanla bağlı heç nə yaddaşımdan silinə bilməz… Müharibədə insanlar təkcə ölmür, itmir, həm də tapılır.”…
Bu fikirlər “Əfqanıstan uçurumu” romanı ilə ədəbiyyatsevərlərin rəğbətini qazanmış mərhum yazıçı-jurnalist Zakir Sadatlının müsahibəsindəndir.

“Sovet ordusunun 15 min itki verdiyi Əfqanıstan müharibəsində 10 mindən çox azərbaycanlı iştirak edib, onlardan 208-i həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün daxili işlər orqanlarında da Əfqanıstanda xidmət etmiş, müharibənin odunu-alovunu görmüş və torpaqlarımıza erməni təcavüzü başlayanda da ön sıralarda sinəsini qabağa verərək döyüşən polislərimizi, təəssüfflər olsun ki, gənclərimiz tanımırlar. Onları tanıtmaq üçün özümüz tanımalıyıq”.
Polis polkovniki Akif Qorçubəylinin bu fikirlərindən sonra əmin oldum ki, Vətən, torpaq uğrunda qanını, canını fəda edənlər heç zaman unudulmurlar. Onları xatırlayanlar hər zaman olub və bundan sonra da olacaq.
Polis polkovniki Elman Kərimov və polis polkovnik-leytenantı Zakir Salamov gəlişimin səbəbini bildiklərindən Əfqanıstanla, Qarabağla bağlı acılı-şirinli xatirələrinin boy verdiyi ağlı-qaralı şəkillərə baxıb gözlərini uzaqlara dikmişdilər. Nəyi, kimləri xatırladıqlarını bilməsəm də ürəklə əlbəyaxa olmağın insana necə əzab verdiyini hər ikisinin gözlərindən oxuya bilirdim.


Elman Kərimov o illəri belə xatırlayır: “Əfqanıstan deyiləndə gözlərimiz önünə dünən Rusiyanın, bu gün isə qərbin poliqonu olan dövlət gəlir. Bizim hərbi hissəmiz Əfqanıstanda idi və mən təxris olunmağımdan bir neçə gün əvvəl idmanla bağlı tədbirə qatılmışdım. Gələndə isə mənə hərbi hissəmizin mücahidlər tərəfindən yerlə-yeksan olunduğu, əsgərlərin isə qırıldığı barədə məlumat verdilər. Bəlkə də Allahın mənə yazğı gəlmişdi və mən ordan sağ çıxmışdım.
O, 1966-cı ildə Gürcüstanda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. İndiki İqtisad Universitetini və Polis Akademyasını bitirib. Müharibənin ilk günlərindən döyüşün ön sıralarında olub. Valideynlərinə deyirmiş müharibə getməyən rayonların birində xidməti ezamiyyətdədir. Onun döyüşdə olduğunu “Bakinskiy raboçi” qəzetində çıxan şəklindən sonra biliblər. Daxili İşlər orqanlarında 1987-ci ildən xidmət edir.
Zabit rütbəsini də döyüşlərdə fərqləndiyinə görə alıb. Şuşanın, Ağdamın, Laçının, Goranboyun müdafiəsində iştirak edib. Murovda 63 gün qarın içində qalıb. “Bu gün adları Azərbaycanın Milli Qəhrəmanı kimi tariximizə düşmüş, Azərbaycanı bütün varlığı ilə sevən, milliyyətcə rus olan Yuri Kovalyovun adını iftixarla çəkirəm. Çünki Çaykəndin alınmasında onun böyük əməyi var. Çaykənd iki dəfə düşməndən azad edilib. Biz ermənilərin içinə məhz həmin oğulların sayəsində girirdik. Çünki rus olduqlarına görə ermənilər həm onlardan qorxur, həm də onları özlərinə xilaskar bilirdilər. Beləcə bəzi kəşfiyyat məlumatları da əldə edirdik”.
1992-ci ildə DİN-ə Baş İctimai Təhlükəsizlik İdarəsinə inspektor təyin olunub, sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən BMİ-də Xidmətin Təşkili İdarəsinin rəis müavinidir. 2005-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Onun da deyiləsi, yazılası daha çox sözü var. Adətən deyirlər ki, şəhər uşaqları ağır şəraitə dözümsüz olurlar. Ancaq bu heç də belə deyil. Polis polkovnik- leytenantı Zakir Salamov Bakıda doğlub boya-başa çatsa da “dünyanın poliqonu” olan Əfqanıstandan ağlasığmaz çətinliklərə dözüb, 1988-ci il hadisələrindən sonra Vətənimizin bütövlyü uğrunda yenidən döyüşlərə atılan oğullardandır.
1983-cü ilin aprelini heç vaxt unutmur. Həmin gün hərbi xidmətə yola düşüb. Dəniz vağzalından gəmi ilə Vətəndən ayrılıb. Krasnovodskidən Düşənbəyə, Düşənbədən isə Termes şəhərinə yola düşəndə vəziyyətin nə yerdə olduğunu anlayıb. Çünki o yerlərə Əfqanıstan “havası” daha yaxın idi. Əfqanıstandan gəlmiş kursantların dağlıq əazilərdə onlara təlim keçmələri qarşıda nələrin olacağından xəbər verirdi. Kundus şəhərində Daşkurqana yola düşüblər və elə ordaca hərbi biletlərini təhvil verib həyatın və komandirlərin ixtiyarına veriliblər. İki il altı ay hərbi xidmətdə olub və Palixomruda döyüş maşının minaya düşməsi nəticəsində ayağından yara alıb.
İndi zarafatla xatırlasa da diqqət çəkən məqamlardan biri də o idi ki, onları Çexislovakiyada xidmət adı ilə sonradan Əfqanıstana aparıblar. Türkmənistanda deyiblər ki, sizlər Əfqanıstana gedirsiniz. 1985-ci ildə Vətənə qayıdıb.

Həmkarımız 1988-ci ildə daxili işlər orqanlarına qəbul olunub. İyirmi yanvar faciəsinin canlı şahididir. 1991-ci ildə təhsilini artırmaq üçün N.Rizayev adına Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1993-cü ildə məktəb akademiya stastusu alanda təhsilini orda davam etdirib. Kursant olarkən də DİN-in əmri ilə onlar Goranboya ezam olunublar. Döyüş yolu, beləcə, başlayıb…
İlk xidmət yeri Xəzər Rayon Mühafizə İdarəsi olub. Səbaildə, Sabunçuda xidmət edib. Hazırda Xidmətin Təşkili İdarəsinin baş inspektorudur. İki övladı var. Böyük övladı Polşada, kiçik övladı Prezident Yanında İdarəçilik Akademiyasında təhsil alır.
Torpaqlarımız uğrunda döyüşən oğullar bu Vətənin ən qiymətli sərvətidir. Gəlin onları qoruyaq, şəhidlik zirvəsinə ucalanları isə hər zaman xatırlayıb yad edək. O zaman yenilməz və qalib olarıq.

T.Hafiz

 





Çap et  Çap et