Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

06.11.2019

Bir ovuc torpaq da vətəndir

1991-ci il dekabrın 23-ü. Gecə yarıdan keçib. İki körpə balasını bağrına basıb ailə başçısının yolunu gözləyir. Ömür-gün yoldaşının vaxtsız-vədəsiz gediş-gəlişlərinə öyrəşsə də ürəyi çox narahatdır, nəsə bir piss hiss var idi, ürəyində…


Otuz bir yaşına 3 ay öncə qədəm qoymuşdu. Əsgəri xidmətini başa vurduqdan sonra Şuşa Rayon Malıbəyli kənd Polis Bölməsində komandir kimi xidmət edirdi polis baş serjantı Cəsarət Mədətov. Vətəninə, elinə-obasına bağlı oğul idi. Düşmənin üzərinə öz xidməti silahı ilə gedirdi. Hər zaman dostlarına da deyirmiş ki, torpağımızın bir ovucunu belə düşmənə verməməliyik. Çünki bir ovuc sonralar dağlar, düzlər olur. Çünki bir ovuc torpaq da Vətəndir...

Mehriban xanım da o gecə döyüşdü – ürəyi, hissləri, taleyi ilə…
Mehriban Quliyeva da o gecə şəhid verdi...
Ölümündən sonra “İgidliyə görə” medalıyla təltif olundu polis baş serjantı Cəsarət Mədətov.
Ömür-gün yoldaşının itkisindən sonra yurd həsrəti ilə üzləşdi Mehriban. Erməni quldurlarının Malıbəylini mühasirəyə aldığı bir vaxtda evini-eşiyini tərk edib meşələrə üz tutdu yurddaşlarımızla.
Cəsarəti itirdiyi gecə, dünya yalnız bir rəngə boyanmışdı. Bu şəhid rəngi idi...
Bu rəngli və rəngsiz dünyada hər bir şeyi itirmək mümkündür, bircə ümiddən başqa. İtirməyək ki, o ümidin işığında arzusunda olduqlarımıza yetişmək üçün yaşayaq...
A.Nəcəfova





Çap et  Çap et