Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.10.2019

Zəng gəldi, polisdən...

Saat 21:00. Nizami RPİ Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı Sadiq İmanov təhkim olunduğu ərazidə xidmət aparır. Birdən gözü yerdəki pulqabına sataşır. Əyilib götürür.
Ətrafda kimsə yoxdur. Çox düşünmədən komandirinə məlumat verir və tezliklə onun özünün də iştirakı ilə pulqabı ərazi üzrə 25-ci Polis Şöbəsinə təhvil verilir.
Şöbədə araşdırmalar başlanılır və məlum olur ki, içərisində pul və sənədlər olan cüzdan Bakı şəhər sakini Təranə Məmmədovaya məxsusdur.

Bu prosesin özü də maraqlıdır. Başqa sözlə, həmin xanımı tapmaq bir neçə saat vaxt apardı. Nəhayət, vizit kartlarından birinin sahibi pulun və sənədlərini itirəni tanıdığını bildirir.
İnanmayacaqsınız, amma onu da axtarıb-tapmaq üçün düz, 6 saat getdi. Və gecənin yarısı vurulan zəng daha bir evə, daha bir ailəyə sevinc bəxş etdi.

Sonradan öyrəniləcək ki, pulqabının sahibi ticarət mərkəzindən çıxıb taksiyə əyləşərkən onu itirib. Bunu evə çatanda bilib və hadisə barədə “102” Zəng Mərkəzinə, eləcə də ərazi Polis Bölməsinə məlumat verib.
Səhər açılar-açılmaz Tətanə xanım Nizami PRİ-yə gələrək idarənin rəisi, polis polkovniki Ədalət Abbasovla görüşüb və bütün şəxsi heyətə ailəsi adından minnətdarlığını bildirib.
Yeri gəlmişkən, Sadiq İmanov 2012-ci ildən DİO-da xidmət edir. Bu müddətdə özünü nümunəvi polis əməkdaşı kimi göstərib. Kollektivdə hörmət qazanıb. Bunu da iş yoldaşları deyir.
Çingiz Şıxverdiyev





Çap et  Çap et