Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

30.09.2019

Azərbaycan polisinin “bilik günü”nə töhfəsi

Yeni dərs ilinin başlaması ilə əlaqədar polis əməkdaşları tərəfindən silsilə tədbirlər həyata keçirilib. Respublikanın əksər Şəhər və Rayon Polis şöbələrində Vətənin bütövlüyü uğrunda və cinayətkarlıqla mübarizədə canından keçmiş şəhidlərin əzizləri, Qarabağ müharibəsi veteranları və aztəminatlı ailələrlə görüşlər keçirilib.
Görüşlərdə təhsilin Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğu qeyd edilib, ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm qərar və sərəncamların verildiyi diqqətə çatdırılıb.

Polis əməkdaşları ailələrin problemləri və qayğıları ilə maraqlanıb, həmçinin onların məktəbə gedəcək övladlarını “Bilik Günü” münasibəti ilə təbrik edib, yaxşı oxumağı, bilik və bacarıqlarını inkişaf etdirmələri tövsiyə ediblər.
Uşaqlara çanta, məktəbli geyimi və gündəlik dərs ləvazimatları təqdim edilib.
Bu humanist aksiya azyaşlılar tərəfindən böyük sevinclə qarşılanıb. Uşaqlar üçün gözlənilməz olan hədiyyələr valideynlərin də sevincinə səbəb olub.
Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar 2019-cu il sentyabrın 15-dən oktyabrın 15-dək ölkə ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığına başlanılıb.

Dövlət yol polisi əməkdaşları respublikanın bütün şəhər və rayonlarında hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə piyada keçidlərinin yenilənməsini, yol nişanlarının qaydaya salınmasını təmin edərək bir sıra təhlükəsizlik tədbirləri həyata keçiriblər. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirici aksiyalar keçirilib. DYP əməkdaşları maarifləndirici şüarlar əks olunan plakatları rayonlar ərazisindəki məktəblərin önünə vurublar. Müəlllimlər və valideynlərlə söhbətlər aparılaraq azyaşlı şagirdləri nəzarətsiz buraxmamaları, piyada keçidlərindən istifadə etmələri, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat vermələri tövsiyə edilib, onlara yol hərəkəti qaydalarını əks etdirən kitabçaları və məktəb ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Sentyabrın 16-da ölkə paytaxtında, rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürülüb, valideynlərin və şagirdlərin təhlükəsizliyi təmin edilib.

Natiq Cavadov,
polis mayoru

 





Çap et  Çap et