Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

17.08.2019

Kömək də göstərdilər, nəvaziş də…

“Memar Əcəmi” stansiyasında metropoliten işçilərinin biri-birinə bərkdən “təcili yardım çağırın” deməsini eşidib geri çevrildim. Gənc qız huşunu itirmişdi. Ətrafına toplaşanlar isə heç nə edə bilmirdi.
Köməyə yenə də polis əməkdaşları çatdı. Onlar qıza təcili yardım gələnə kimi ilkin tibbi yardım göstərmək üçün xidməti otaqlarına apardılar. Mən də ora yaxınlaşdım. Polislər su ilə qızın üzünü silib saçını sığallayır, nəvaziş göstərir və “qorxma hər şey yaxşıdı, biz də, nənən, baban da yanındayıq”,-deyirdilər.
O, yavaş-yavaş özünə gəlirdi. Yaşli nənə və baba özlərini itirmişdilər. Polis əməkdaşlarına: “Ay bala, qurban olum, nəvəmə kömək edin”,-deyərək imdad diləyirdilər. Nə baş verdiyini soruşdum. Polis əməkdaşları: “Heç, balaca qızımız bir az narahat olub, indi isə yaxşıdı”,-dedilər.
Bir-iki şəkil çəkmişdim ki, yaxınlaşıb məni otaqdan uzaqlaşdırmaq istədilər. Müxbir olduğumu, onların bu nəcib əməli haqqında xəbər hazırlamaq istədiyimi bildirdim. Buna ehtiyac olmadığını, metroda belə halların çox olduğunu dedilər.
Metropoliten işçisindən həmin polislərin adlarını soruşdum…
Bu yazıdan Metropolitendə Polis Şöbəsinin əməkdaşları–polis serjantı Şəhriyar Verdiyevin və polis kiçik serjantı Vaqif Bəşirovun xəbəri yoxdu. Ümid edirəm ki, “Mübariz keşikdə”ni oxuyanda onlar da o gün mənim keçirdiyim qürur hissini yaşayacaqlar.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı





Çap et  Çap et