Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

11.07.2019

Əməkdaşlıq protokolu imzalanıb

İnformasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal texnologiyaların həyatımıza daxil olması, kompüter şəbəkələrinin qloballaşması yeni növ hüquq pozuntuları silsiləsindən olan kibercinayətkarlığın yaranmasına səbəb olub. DİN rəhbərliyi tərəfindən də bu sahədə mübarizənin labüdlüyü nəzərə alınaraq, elektron məlumatların cinayətlərin törədilməsində istifadə edilməsinin qarşısını almaq üçün kibercinayətkarlıqla mübarizədə mühüm addımlar atılıb. BMCMİ-də Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin yaradılması, Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna başlanılması bunun əyani sübutudur.

Bu sahədə nəzəri biliklərin artırılması üçün mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın, sıx münasibətlərin yaradılması günümüzün tələbinə çevrilib. Bütün bunlar nəzərə alınaraq, iyunun 9-da Polis Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsil sahələrində əməkdaşlığa dair protokolun imzalanma mərasimi keçirilib. Tədbirdə akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, ATU-nun rektor əvəzi, professor Xalıq Yahudov, hər iki təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə Polis Akademiyasının yeni tədris binasında kursantların hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.

Sonra akademiyanın tarixi və müasir dövünü özündə əks etdirən film nümayiş etdirilib.
Daha sonra hər iki ali təhsil müəssisənin rəhbərləri elm və təhsil sahələrində əməkdaşlığa dair protokolu imzalayıblar.
Tədbirdə çıxış edən polis general-mayoru Nazim Əliyev ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması sahəsində ciddi işlər aparıldığını qeyd edib. O, Azərbaycanda informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində mühüm qanunların, normativ aktların və sərəncamların verildiyini, bağlanan əməkdaşlıq protokolunun hər iki təhsil müəssisənin professor-müəllim heyətinə öz biliklərini kursantlarla və tələbələrlə bölüşmək üçün geniş imkanlar yaradacağını söyləyib.

ATU-nun rektor əvəzi, professor Xalıq Yahudov qeyd edib ki, milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi milli təhlükəsizlik siyasətinin öncül istiqamətlərindən biri kimi müəyyən edilib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Polis Akademiyası arasında bağlanan əməkdaşlıq protokolu çərçivəsində bundan sonra informasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsaslarının birlikdə araşdırılacağını, dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübənin öyrəniləcəyini qeyd edib.

Mərasimdən sonra Polis Akademiyasında informasiya-kommunikasiya sahəsində təhlükəsizliyin təmin edilməsi mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşdırılması, ağıllı elektron dövlətin informasiya təhlükəsizliyi, cinayət qanunvericiliyində kiber təhlükəsizlik və kiber cinayətkarlıqla bağlı məsələlər, vebserverlərə hücum metodlarının analizi mövzularında çıxışlar edilib, təcrübə mübadiləsi aparılıb.

Anar Qafarov,
polis baş leytenantı





Çap et  Çap et