Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.05.2019

Dönüşü “möhtəşəm” oldu

Məhərrəm Beyləqanda hərbi xidmətini başa vurduqdan sonra doğulduğu Qazax rayonuna qayıtdı. Bunu eşidən qohum-əqrəba, qonum-qonşu gözaydınlığına gəldi. Hər kəs də: “Əsgəri görməyə gəlmişik”,-deyib qulpundan çıxanı cibinə qoydu. Bir müddət belə davam etdi. Lakin yavaş-yavaş həm gəlib-gedən, həm də cibxərcliyı qurtardı.

Məktəbi zəif oxuyan Məhərrəm doğru-düzgün bir peşə sahibi deyildi. Dost-tanışı öz halal zəhmətiylə işləyib, dolanışığını təmin etsə də o hələ “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” xülyasındaydı. Elə bu ovqatla da xeyli götür-qoydan sonra əsgər yoldaşlarını görmək bəhanəsilə Beyləqana döndü.
Hələ xidmətdə olarkən hərbi hissənin yaxınlığındakı mağaza diqqətini çəkmişdi. Ay ərzində müştərilərinin gündəlik ehtiyaclarını qarşılayan mağaza sahibi məvacib veriləndə borclarını geri alırdı.

Düşündüyü planı götür-qoy edə-edə mağazaya yaxınlaşdı, açıq qapıdan içəri bərkdən səsləndi:
-Salam qardaş, necəsən?
Elə o cür də cavab gəldi:
-Çox sağ ol, xoş gəlmisən. Deyəsən, dostların üçün darıxmısan.
-Hə, dedim, gəlib görüm onları.
Mağaza sahibi Məhəmmədhəsən onu yaxşı tanıdığından içəri dəvət etdi. Qonaqdı, uzaq yol gəlib deyib, hörmət əlaməti olaraq bir fincan çay da süzdü. Sonra da üzürxahlıq edib: “Məni bağışla, özün bilirsən ki, ayın axırı gəlib-gedən çox olur,”-dedi.
-İşində ol...

Mağaza sahibinin başı alış-verişə elə qarışmışdı ki, onun hərəkətlərinə fikir belə vermirdi. Çağrılmamış qonaqsa öz işindəydi. Kassanın yerini dəqiq bilən Məhərrəm fürsəti fövtə verməyib oradakı olan 5400 manatı götürüb cibinə qoydu. Bir az sonra isə siqaret çəkmək bəhanəsilə çölə çıxıb uzaqlaşdı və bir qədər aralıda ilk gələn maşına əl qaldırdı.
Onun belə apar-topar getməsi Məhəmmədhəsəni təəccübləndirdi. Amma olanları bir az sonra, kassadan pul götürməyə gələndə anladı. Hövlənək özünü küçəyə atsa da gec idi.
Mobil telefonu ilə tez polisə zəng etdi. Hadisə barədə Növbətçi Hissədən Beyləqan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rəşid Piriyevə məlumat verildi. Vaxt itirmək olmazdı. Əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rövşən Mirəliyevin rəhbərlik etdiyi əməliyyat-axtarış qrupu rayonun bütün giriş-çıxışını, eləcə də hadisə baş verən ərazini nəzarətə götürdü.

İntensiv keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məhərrəm Qurbanov əməlinin dadını çıxarmamış yaxalanıb polisə gətirildi. Şahidlərin iştirakı ilə onun üzərinə baxış keçiriləndə şəxsi istifadəsindən artıq miqdarda narkotik vasitə, qurudulmuş marixuana və tiryək də aşkarlandı.
RPŞ-nin rəisi Rəşid Piriyevdən onu da öyrəndik ki, bu, uğurla həyata keçirilən tədbirlərdən yalnız biridir. Belə ki, ilin geridə qoyduğumuz müddəti ərzində 66 cinayətin 92,9 faizinin açılması təmin edilib. O cümlədən, ağır və xüsusilə ağır cinayətlərin 100, qeyri-aşkar şəraitdə baş verənlərin 85,2, mülkiyyət əleyhinə törədilənlər isə 88,8 faiz açılmışdır. Narkotiklə bağlı 17 fakt aşkarlanmış, qanunsuz dövriyyədən 1,5 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır. Axtarılan 21 təqsirləndirilən şəxsdən 14-ü tutulmuşdur ki, onlardan da 7-si keçmiş illərdən axtarışdaydı. Xəbərsiz itkin düşən 10 nəfərdən 9-nun yeri müəyyən edilmişdir.

Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı

 

 





Çap et  Çap et