Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

17.05.2019

“Salam” gətirmişəm 85 yaşin zirvəsindən...

“Axşamınız xeyir, Əhəd müəllimdir danışan,”- sualıma cavabı: “Kimə zəng vurmusunuz?”, - oldu. Düzü, 85 yaşın dizini qatlayan Əhəd müəllimin gur səsi bir qədər də çaş-baş saldı məni. Elə bildim səhv düşmüşəm.
-“Mübariz keşikdə” qəzetindən...

Gur, həm də sevincək bir səslə: “Çox sağ olun ki, zəng vurub biz veteranları yad edirsiniz, unutmursunuz”, - dedi: “Bax, bu da ömrümüzü uzadır, ruhumuza qol-qanad verir. “Mübariz keşikdə” gənclik illərində də, elə bu çağımızda da sevə-sevə oxuduğumuz qəzetimizdir. Deyəsən, biz həmyaşıdıq” sözlərindən sonra: “Gərək bir otaq ayırım ki, qəzetin yığıb-saxladığım nömrələrini ora yerləşdirə bilim” zarafatından da qalmadı hörmətli veteranımız...


“Cənab polkovnik, daxili işlər orqanlarında otuz ildən çox xidmət etmisiniz. Bu illər sizə nə verib, nələri alıb?” deyəndə araya sükut çökdü. Mənə elə gəldi ki, o xəyalən çox uzaqlara qayıtdı. Handan-hana: “Naxçıvanda, Gəncədə, Qazaxda uzun illər rəhbər vəzifələrdə çalışmışam, - “dedi”. Çətin vaxtlar idi. Cinayətkarlıq, özbaşınalıq baş alıb gedirdi. Hələ o zaman orada yaşayan ermənilər məndən yuxarılara şikayət edirdi. Mən isə vəzifəmi vicdanla yerinə yetirirdim. Hər işimdə qanuna, insanpərvərliyə söykənirdim. Amma nə edəsən, rəhbərlik məni vaxtsız təqaüdə yolladı”.
O, 1934-cü il mayın 16-da Bərdədə dünyaya göz açıb. 1961-ci ildən daxili işlər orqanlarında xidmətə başlayan veteranımız 1990-ci ildə polis polkovniki rütbəsində təqaüdə göndərilib. Bu müddət ərzində nizam-intizamı ilə seçilib və əldə etdiyi nailiyyətlərə görə dəfələrlə mükafatlandırılıb.

Söhbətə nikbin notlarla davam edən Əhəd müəllim bildirdi ki, ölkədəki sabitlik, əmin-amanlıq onu xüsusilə sevindirir. Azərbaycan Polisinin ictimai asayişin keşiyində mətin dayandığını, hüquqazidd əməllərin, cinayətkar qəsdlərin qarşısının qətiyyətlə alındığını görəndə, eşidəndə fərəh hissi keçirir. Veteranlara göstərilən qayğıdan da razıdır. Buna görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirdi. Söhbət əsnasında bir qədər sağlamlığından gileyləndi hörmətli veteranımız. “Mən həmişə fiziki baxımdan sağlam olmuşam, şux olmuşam, dik gəzmişəm, xidmətimi layiqincə yerinə yetirmişəm. İndi istəmirəm kimsə məni qaməti əyilən görsün”.

Ömrünün 85-ci baharını yaşayan Əhəd Həsənovun bu irədəsi, bu qüruru, düzü, kövrəltdi məni. Bir anlıq gəncliyi canlandı gözlərimin önündə. Özümü toparlayıb növbəti: “Polis veteranı kimi bugünki Azərbaycan gəncliyinə, polis əməkdaşlarına hansı tövsiyələri verərdiniz?” sualımı ona ünvanladım. Dərindən bir ah çəkdi və təmkinini pozmadan: “Vətənə sədaqət, məhəbbət birinci yerdə olmalıdır. Arzum budur ki, təsadüfü adamlar orqana düşməsin. Bir-birilərinə sədaqətli, səmimiyyətli olsunlar, öz işlərinə məsuliyyətlə, vicdanla yanaşsınlar, səhlənkarlığa yol verməsinlər. Cinayətkarlığa qarşı mübarizədə qətiyyətli olsunlar. Biri-birinə dəstək olsunlar, biri-birini qorusunlar. Yeri gələndə isə Vətənimizi qorusunlar,” - dedi.


Sonuncu cümləni deyəndə səsinin titrədiyini hiss etdim. Ömrünün bu çağında böyük bir nisgili var. Torpaqlarımızın azad olunacağı günü gözləyir...
Sağollaşanda onu tanıyanların hamısına salamını çatdırmağı tapşırdı.
Bu tövsiyəsinə də mən - polis kapitanı Teymur Əlizadə can-başla əməl edirəm...

 

 





Çap et  Çap et