Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

12.05.2019

Nümunə olmalıyıq

Onunla əvəllər də bir neçə dəfə rastlaşmışdım. Həmişə səliqə-sahmanlı, idmançı cüssəli, xüsusilə də geyim formasının qüsursuz daşıyan bu gənc zabitlə söhbətimiz çox çəkməmişdi. Ağcabədiyə növbəti ezamiyyətim zamanı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov bu gənc haqqında yazmağı məsləhət gördü. Dedi ki, polis əməkdaşı təkcə cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında deyil, cəmiyyətdə öz müsbət imici ilə də nümunə olmalıdır. Həmkarları arasında polis kapitanı Tural Məlikov məhz bu xüsusiyyəti ilə seçilir.

T.Məlikov 1981-ci ildə elə bu rayonda doğulub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1999-2001-ci ildə Hərbi Hava Qüvvələrinnin Xüsusi Təyinatlı Bölüyündə manqa komandiri kimi xidmət edib. Ordudan tərxis olunandan sonra polis olmaq arzusunu valideyinlərinə bildirəndə bunu razılıqla qarşılayıblar. DİO-da xidmətə 2001-ci ildə Post Patrul Xidmətində polis nəfəri kimi başlayıb. 2003-cü ildə DİN-in Polis Akademiyasına daxil olub. Akademiyanı bitirən gənc həmkarımız Ağcabədi Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. Verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirməsi rəhbərliyin diqqətindən yayınmayıb. 2012-ci ildə kadr və peşə hazırlığı üzrə qrupun baş inspektoru vəzifəsinə irəli çəkilib.

Geridə qalan xidmət illəri ərzində “Əla xidmətlərə görə” döş nişanı ilə təltif olunan polis kapitanı DİN və şöbə rəhbərliyi tərəfindən 20-dən çox digər mükafatlara da layiq görülüb.
Söhbət əsnasında xidməti otağındakı çoxsaylı diplom və medallar diqqətimi çəkdi. Öyrəndim ki, hələ uşaq yaşlarından idmanla səylə məşgul olub. Polis Akademiyasında təhsil alarkən 2 dəfə sərbəst güləş, 2 dəfə də cüdo üzrə akademiya birincisi, 1 dəfə DİN ikincisi olub. Bundan əlavə, futbolla da müntəzəm məşğul olur. RPŞ-nin komandasının tərkibində çıxış edən Tural rayonda keçirilən müxtəlif yarışların qalibidir.

Masanın üstündəki şəkilə tez-tez baxdığımı hiss etmişdi. “Böyük qardaşlarımdır”,-dedi. Fürsətdən istifadə edib ailəsini soruşdum. Dedi ki, atası Səfər Məlikov uzun illər rayonun ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalılardandır. Anası ömrünün 40 ilini Vətənə layiqli övlad yetişdirmək peşəsinə-müəllimliyə verib. Yetişdirib də. Hər iki qardaşı Müdafiə Nazirliyinin müxtəlif qurumlarında xidmət edir. Ailəlidir, iki övladı var.
Yeri gəlmişkən, polis kapitanı Tural Məlikov bu ilin aprelindən DİN rəhbərliyinin əmrilə şəxsi heyət üzrə rəis köməkçisi vəzifəsinə irəli çəkilib. Üzərinə daha böyük vəzifələr qoyulduğunu deyən həmkarımız ona göstərilən bu yüksək etimadın da öhdəsindən layiqincə gəlməyə çalışır.


Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı





Çap et  Çap et