Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

06.05.2019

Əsrin yaşıdı

Müharibə hələ də davam edirdi. Artıq Sovet qoşunları üstünlüyü ələ almışdılar. Alman faşistləri itkilər verə-verə geri çəkilirdi. Döyüş meydanlarında qan yenə də su kimi axıdılırdı. Hər gün onlarla “qara kağız” vaxtsız qonaq kimi evlərin qapısını döyürdü. Hamilə top və tüfənglərin lüləsindən neçə-neçə arzusu kam döyüşçünün ölü canları doğulurdu...


Arxa cəbhədə çalışan insanlar bu ağrı-acılara baxmayaraq, ön cəbhəyə kömək göstərir, qələbəni təmin etmək üçün gecə-gündüz çalışırdılar. O zamanlar arxa da bir cəbhə idi. Bütün işlərin ağırlığı, çətinliyi qadınların, şikəst və qocaların, uşaqların üzərinə düşmüşdü.


Müharibə başlayanda Salyanın Yuxarı Xalac kəndinin yetirməsi Davidin 14 yaşı vardı. Arxada olsa da, o da müharibəni yaşayırdı. O da hamı kimi alatorandan evdən çıxır, kolxozda işləyənlərə kömək edir, gecənin bir aləmində yorğun-arğın evə qayıdardı. Bəzən evə qayıtmadığı günlər də olurdu. David bütün məhrumiyyətlərə sinə gərir, dözürdü.
İllər heç nəyi gözləmədən bir-birini sınağa çəkə-çəkə ötür, o da həmyaşıdları kimi yaşa dolurdu.
1944-cü il. Artıq ön cəbhəyə getməyin vaxtı gəlmişdi. 18 yaşlı David Baxşiyev günləri sayırdı. Salyan Rayon Hərbi Komissarlığından çağırış vərəqəsi alanda içində bir duyğu hayqırdı. Qisas hissi idi onun adı...
Qələbə sorağını elə xidmət etdiyi hərbi hissədə eşitdi. Nəhayət, o qanlı-qadalı illərə son qoyulmuşdu.
1945-ci ildə Davidin xidmət yeri dəyişdirildi. 1949-cu ilə kimi əvvəlcə Bakı şəhərində, sonra Qusarda hərbi xidmətini davam etdirdi. Daha sonra zabitlər məktəbini bitirdi. 1952-ci ildə Naxçıvan Muxtar Respublikasına göndərildi. Orada Quru Qoşunların bölük komandiri vəzifəsinə təyin olundu.

Hara göndərilirdisə, göstərilən etimadı, etibarı doğruldurdu. Bu dəfə o, siyasi məktəbdə təhsil almaq üçün Gürcüstanın Qori şəhərinə göndərildi. Bir illik təhsildən sonra Batumidə rota komandirinin müavini kimi işə başladı. Sonra yenidən Naxçıvana göndərildi.

1957-ci ildə D.Baxşiyev DİN-də xidmətə qəbul olundu. 1961-ci ildə Şahbuz RDİŞ-ə göndərilən baş leytenant David Baxşiyev sahə müvəkkili kimi fəaliyyətini davam etdirdi. O, işləyə-işləyə təhsil almağı da unutmadı.
Artıq milis mayoru olan David Baxşiyev Naxçıvan DİN-də müxtəlif vəzifələrdə, 1980-ci ildən təqaüdə çıxana qədər isə Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışdı. İşlədiyi müddətdə milisin şərəfini həmişə qorudu, adına ləkə düşməsinə imkan verməyib.

Təqaüd illərində ictimai işlərini davam etdirib. Yerli sakinlər arasında, məktəblərdə şagirdlərlə görüşlərdə milis işçilərinin ictimai asayişin qorunmasında rastlaşdığı çətinliklərdən, uğurlarından söz açıb, gənclərdə bu peşəyə olan marağı artırıb.
Ağsaqqal veteranla görüşəndə polis mundirini əynimizdə görən kimi elə bil gözlərinə işıq gəldi, üzü güldü. Dedi ki, xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, müstəqil ölkədə xidmət edirsiniz.

Bir anlığa gözləri yol çəkdi. Kim bilir, bəlkə də xəyalı o qanlı-qadalı illərə getdi.
Yeniyetməlik, gənclik illərini xatırladı. Danışdıqca, görüşünə gələndə kənddə eşitdiyim onun ünvanına deyilən xoş sözləri xatırladıq. “Çox yaxşı milis işçisi olub. Uzaqlarda işləsə də, hər kəndə gələndə qohum-əqrabaya, imkansız ailələrə baş çəkib, onların qayğıları ilə maraqlanıb, kömək əlini əsirgəməyib. Mərd, xeyirxah insandır. İndinin özündə də çətinliyə düşənlər ona üz tutur, məsləhətini alırlar”.

David Baxşiyevin xidmətləri diqqətdən kənar qalmayıb. Bir çox medallarla, döş nişanlarıyla təltif olunub.
Müdrik, qayğıkeş ailə başçısıdır. Hələ Naxçıvanda xidmət edərkən Asiyə xanımla ailə qurub. Çətin, xoş günləri bir yerdə keçib. Üçü oğlan, biri qız olmaqla bu dünyaya 4 övlad bəxş ediblər. Övladlarına ali təhsil veriblər. Bir neçə il öncə vəfalı ömür-gün yoldaşı dünyasını dəyişib.
David Baxşiyev, çox istəyirmiş ki, yolunu övladlarından biri davam etdirsin. Təkcə bu arzusu ürəyində qalıb. Əvəzində onu 11 nəvə, bir o qədər də nəticə ilə sevindiriblər...
Ayrılmaq istəmirdi. İllər dostlarının, həyat sirdaşlarının üzərindən çoxdan çalım-çarpaz xətt çəkib. Zarafat deyil, belə çətin ömrü 93 il yaşamaq...

Toğrul Nəsirli,
Aytən Tahirova





Çap et  Çap et