Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.04.2019

Zərgər dəqiqliyi ilə…

“Sənə birinci cansağlığı, sonra ürəyin nə istəyir, onu arzulayıram” deyənlərə dodaq büzüb, hələ üstəlik, “guya çox böyük şey arzulayır” da demişik. Uşaqlıq…
İllər keçəndən sonra anladıq bu fikrin böyüklüyünü. Sonralar “canının sağlamlığı üçün insan ilk növbədə özünün həkimi olmalıdır” deyimini qulağımızda sırğa etdik. Pis, zərərli vərdişlərdən uzaq durub Allahın verdiyi bu gözəl nemət və əmanətə bəzilərindən fərqli olaraq xəyanət etmədik.
Düzdür, heç də həmişə sağlamlığımızın qeydinə qalmırıq. İş-işdən keçəndə üz tutduğumuz ilk ünvan isə ağ xalatlı xilaskarlar olur.
Peşəmiz ona görə çətin və maraqlırdır ki, hər addımda hətta həyatımız bahasına başa gələcək hadisələrlə rastlaşırıq. Biz həm də onlara güvənib köməyimizə ehtiyacı olanlara təhlükədən daha yaxın oluruq. Bilirik ki, bizi də, nəyin bahasına olursa-olsun, onlar xilas edəcəklər. Bu dəfə də onlardan yazdıq…
Onların işi isə zərgər dəqiqliyi tələb edir. Bir səhv bir insan həyatını məhv edə bilər. Çünki qoyulan diaqnoz ya həyat qurtarır, ya da…
Elə bu günlərdə tibbi müayinədən keçərkən yolumu həmin laboratoriyadan saldım. “Mən həyatımı sağlam yaşamaq istəyirəm” deyəndə isə hər zaman çöhrəsində gülüş, nəvaziş gördüyüm hospitalın laboratoriyasının rəisi, tibb xidməti mayoru Zərəngül Hidayətovanın cavabı belə oldu: “Polisimiz, əsgərimiz sağlam olmalıdır ki, üzərinə düşən vəzifənin ağırlığına, çətinliyinə dözə bilsin”…
Ən müasir avadanlıqlarla təchiz olunan, bütün xəstəliklərin ilkin diaqnozunun qoyulduğu laboratoriyada son sözü yenə də peşəkarlar deyir. Və burda gördüklərimdən belə qənaətə gəldim ki, laboratoriya hospitalın “ürəyi”dir. Qanın ümumi analizi, biokimyəvi, hormonal analizlər, eləcə də koaqquloqramma vasitəsilə xəstəliklərin müəyyən edilməsindən tutmuş polimiraz zəncirvari reaksiyaların aparılmasına bir neçə dəqiqə lazımdır. Laboratoriya rəisi onu da diqqətimizə çatdırdı ki, məhz bu avadanlıqların köməyi ilə bir saat ərzində 1000-dən çox analizin nəticəsini dəqiqləşdirmək mümkündür.
Bekcman şirkətinin 26 parametrli LH-780 hemoqramma aparatının üstünülüyü ondan ibarətdir ki, onun vasitəsilə müayinə olunan qanda parametrlər avtomat və lazer üsulu ilə hesablanır. Almaniya istihsalı olan biokimyəvi analizator Azərbaycanda yalnız bizim hospitalımışdadır.
Qeyd olundu ki, may və iyun aylarında laboratoriyaya yeni avadanlıqlar gətiriləcək ki, bu da tibbi xidmətin ən müasir tələblər səviyyəsində qurulmasına imkan verəcəkdir.
Məhz burada tətbiq olunan yeniliklər və peşəkarların işə məsuliyyətlə yanaşması vətəndaşların da diqqətini cəlb edir. Analiz verib xəstəlikləri barədə dəqiq və vaxtında cavab almaq istəyənlər xarici ölkələrə deyil, DİN-in Arif Heydərov adına Respublika hospitalına üz tuturlar. Laboratoriyanın həkimləri, tibbi personalı müraciət edənlərin əksəriyyətinin gənc olduğunu nəzərə alıb onları bu gün ölkəmizdə də sürətlə yayılan hepatitlərlə və digər insan həyat üçün təhlükəli olan xəstəliklərlə bağlı maarifləndirirlər.
Laborotoriyada 5 həkim çalışır. Baş ordinator, tibb xidməti kapitanı Nərgiz İmamverdiyevaya, ordinator, tibb xidməti leytenantı Leyla Musayevaya, mülki həkimlər Gülnarə Vəliyeva və Arzu Miriyevaya etibar etməklə bədənimizdə baş verən proseslərdən xəbardar ola bilərik.
Özü haqqında danışmaq istməyən Zərəngül xanımı uzun isrardan sonra razı sala bildim.
Həkimlər ailəsində doğulub. 1999-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra ata-baba yurdu Oğuzda həkim-laborant işləyib. 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. 2014-cü ildə laboratoriyanın rəisi təyin edilib. Türkiyənin Memorial xəstəxanasında kurs keçib.
Bizdən bu qədər. Gəldik, gördük və yazdıq. Ayrılanda “laborantlarımızın da adını yazmağı unutmayın”,-dedi.
Biz də Ulduz Cəfərovanın, Rəqibə Ayazovanın, Vəfa Mədətovanın və Aynur Ağammədovanın adlarını yazmağı unutmadıq.

Hafiz Təmirov,
polis mayoru





Çap et  Çap et