Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

30.03.2019

Daxili İşlər Nazirliyi Nətbuat Xidmətinin məlumati

Martın 30-da Daxili İşlər Nazirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşların iştirak etdiyi tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov qeyd edib ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların, nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu oynayıb.

Sonra nazir müavininin təklifi ilə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra polis general-leytenantı O.Zalov çıxışında qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm sənəddir, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmamsı üçün ulu öndərin müəyyən etdiyi proqramdır.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə ötən il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu deyən nazir müavini Oruc Zalov vurğulayıb ki, onlar ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyətilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər, nəticədə yüz minlərlə insanın həyatına son qoyulub.

Bildirilib ki, ölkə rəhbərinin yürütdüyü uğurlu, məqsədyönlü, ardıcıl daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə edir, iri beynəlxalq və regional infrastruktur layihələrdən tamamilə təcrid edilən, siyasi-iqtisadi, demoqrafik böhranla üzləşmiş Ermənistanı getdikcə daha çox ölkə işğalçı kimi tanıyır.
Anım mərasimində işttirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının törətdikləri soyqırımı siyasətinin çağdaş tarixmizdə də davam etdirildiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların, əsl tarixi gerçəkliklərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini diqqətə çatdırıb.

A.İsgəndərov çıxışında, xüsusən, ötən əsrin əvvəllərindən başlayaraq, imperiya qüvvələrinin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyini, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyini, eyni zamanda, türk hərbçilərinin qardaşlıq yardımı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğunu vurğulayıb.

30 mart 2019-cu il





Çap et  Çap et