Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

21.03.2019

Yüksək peşəkarlıq, qətiyyət

DİN Daxili Qoşunlarının yaradılmasının 27 ili tamam oldu. Daxili Qoşunların Biləcəri qəsəbəsində, Sumqayıt və Gəncə şəhərlərində yerləşən hərbi hissələrinin birləşmələri Silahlı Qüvvələrin şəxsi heyəti ilə çiyin-çiyinə döyüşlərə başladığı gün ümummilli liderimizin fərmanı ilə Daxili Qoşunlar Günü kimi təqvimimizə qovuşub.
Döyüşlərdə Daxili Qoşunların əsgər və zabitləri bütün qüvvə və bacarıqlarını yalnız bir məqsədə-torpaqlarımızın etibarlı müdafiəsinə yönəldiblər. İlk şəhidləri baş leytenant, beynəlxalq dərəcəli idman ustası Rafiq İsmayılov və çavuş Hatəmxan Babayev bu müqəddəs yolda canlarını qurban veriblər. Ağdamın Papravənd kəndinin müdafiəsindən başlayan zəfər və qəhrəmanlıq yolu sonralar Ağdərə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Füzulidə gedən döyüşlərdən keçib.

1993-cü ilin noyabrın 2-də ümummilli lider Heydər Əliyevin xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin əsasını qoydu. Ölkə rəhbərinin bu çağırışından sonra Silahlı Qüvvələrimizdə yaranan canlanma və ruh yüksəkliyinin təsiri özünü çox gözlətmədi. Daxili Qoşunların hərbi hissələrindən ibarət qoşun birləşməsinin Arazqırağı işğal olunmuş rayonların polis və ordu bölmələri ilə birgə Füzuli istiqamətində apardığı uğurlu hücum əməliyyatı 1994-cü ilin yanvar ayının 5-dən 7-dək Horadiz sərhədyanı yaşayış məntəqəsinin və 12-dən artıq kəndin işğaldan azad olunması ilə nəticələndi.
1993-cü il dekabrın 12-də Böyük Bəhmənli kəndi ərazisində güclü əks-həmləyə keçən düşmənin canlı qüvvə və texnikasının qarşısı alınarkən Daxili Qoşunların 5 əsgəri – Manqa komandiri Şahin Abbasov, snayper Yalçın Qəhrəmanov, qumbaraatan Maqsud Daşdıyev, pulemyotçu Fərhad Yusifov və atıcı Siyavuş Rüstəmov tankın altında qalsalar da səngəri bir addım belə tərk etməyərək ölümləri ilə düşməni vahiməyə salıb qaçmağa məcbur etdilər.

Cəbhədə yaranıb 2431 gün səngərlərdə düşmənlə üz-üzə xidmət aparmış, 1999-cu ildə döyüş bölgəsində öz xidmətini başa vuraraq Bakıda yeni dislokasiya yerinə köçürülən “Ağdam alayı” adı ilə məşhur olan hərbi hissənin döyüşçüləri öz qanları, canları bahasına Vətən uğrunda hər cür fədakarlıqlara hazır olduğlarını sübut etmişlər. Sıralarından 7 nəfərin “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, bir neçəsinin orden və medallara layiq görüldüyü həmin hərbi hissənin tarixi vətənsevərliyin, yurda bağlılığın nümunələri ilə zəngindir.
Ulu öndər ideallarına sadiq qalan Daxili Qoşunların şəxsi heyəti çətin anlarda, tarixi sınaq vaxtı öz dövlətinə, Vətəninə, Ali Baş Komandanına sədaqətini daim nümayiş etdirmiş, həmişə yüksək peşəkar hazırlıq səviyyəsi ilə seçilmişdir. Daxili Qoşunların keçdiyi qəhrəmanlıq yolu asayişin, əmin-amanlığın bərpası istiqamətində fədakar xidməti əsl vətənpərvərlik nümunəsidir.

Aytəkin Nəcəfova,

polis polkovnik-leytenantı





Çap et  Çap et