Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

17.03.2019

Nəticə budur: Vətəndaş məmnunluğu...

Polis kapitanı Nicat Əliyevin Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis mayoru Hikmət Vəliyevə: “Cənab mayor, Təranə Orucovaya dəymiş ziyan ödətdirildi, özü də burdadır, təşəkkür etmək istəyir”,-deyəndən sonra artıq söz deməyə ehtiyac qalmadı...

-Ay oğul, Allah sizi var eləsin, ömrünüz uzun olsun. Siz olmasaydınız mən yollarda qalacaqdım. İndi pulumu da ödədilər, özüm də sevinə-sevinə evimə- Beyləqana yola düşürəm.
Maraq mənə güc gəldi və bu dərdli qadının yollara, belə get-gələ düşməsinin səbəbini öyrənmək üçün soruşdum:
-Ay xala, sizdən pulu nə üçün almışdılar?
-Həyat yoldaşım, avtoqəza törətmişdi. O, cəza çəkəndə bir nəfərlə dostluq edirmiş. Həmin adam görür ki, yoldaşım yaşlıdır və azadlığa çıxmaq istəyir. Onun bu vəziyətindən istifadə edib deyir ki, mən səni çıxardaram, qohumum güclü vəkildir. Yoldaşım daha deməyib ki, o qohumun güclü vəkildirsə, sənin özünə niyə bir gün ağlamır. Əlqərəz, həmin adam sonralar həbsxanadan çıxdı. Yoldaşım da mənə xəbər göndərdi ki, dediyi məbləği düzəlt ver...
Və həmin adam Təranə xanımı düz bir ildən çox süründürüb. Naəlac qalan qadın da polisə üz tutub, kömək istəyib...
“Qardaş, görürsən də, sizə ünvanlanan məktubları bax, bu insanlar özləri yazırlar”,- deyən Hikmət Vəliyevə nə deyəcəyimi bilmədim...Çünki o ürəyimdən keçənləri, hətta şübhə ilə yanaşdıqlarımı da dilə gətirmişdi...
Şöbə rəisi dedi ki, əvvəlki illərə nisbətən qeyri-aşkar şəraitdə törədilən cinayətlərin əksəriyyətinin açılmasına nail olunmuş, vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruri tədbirlər görülmüş, onlara dəymiş maddi ziyanın ödənilməsi üçün görülən tədbirlər daha da sərtləşdirilmişdir.
Ötən il İstintaq şöbəsinin müstəntiqlərinin icraatında 1034 cinayət işi olmuş, onlardan 196 cinayət işi 2017-ci ildən qalıq qalmış, 838 cinayət işi isə hesabat dövründə icraata qəbul edilmişdir. Həmin müddətdə dələduzluğun və digər cinayət əməlinin qurbanı olmuş vətəndaşlara dəymiş 1,850168 manatdan 1,599161 manat ödətdirilmişdir ki, bu da ümumilikdə 86,43 faiz təşkil edir. Əvvəlki il bu rəqəm 79,9 faiz olub. 2018-ci ildə istintaq edilən cinayət işlərindən 469 cinayət işi üzrə istintaq tamamlanmışdır. Onlardan 431 şəxs barəsində 397 cinayət aktı məhkəmələrə göndərilmiş, 72 cinayət işinin icraatına xitam verilmiş, 217 şəxs barəsində istintaqı tamamlanmış 198 cinayət işi məhkəmələrə göndərilmişdir. Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən 12 cinayət faktı qeydə alınmışdır ki, onlardan da 3-ü digər cinayət işlərinə birləşdirilmiş, 8-ittiham aktı ilə məhkəməyə göndərilmiş, 1 cinayət işinə isə xitam verilmişdir. Törədilən 915 cinayətdən 202-si əvvəllər məhkum olunmuş şəxslərin payına düşür.
Polis mayoru Hikmət Vəliyev ötən dövr ərzində məhkəməyə göndərilən işlərin sayının xüsusilə üstünlük təşkil etdiyini də diqqətə çatdırdı.
Görülən işlərin qiyməti artıq bəllidir: vətəndaş məmnunluğu, aldadılmış, cinayətə məruz qalmış insanların alqışı...

Hafiz Təmirov,
polis mayoru

 





Çap et  Çap et