Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

14.03.2019

Düşürsən yadima

Bahar fəsli, yaz ayları yurdumuza ilk qədəmlərini qoyduğu gündən nənələrimiz, analarımız, qohum-əqrabamız bir yerə yığışıb ev-eşik təmizləyər, səməni göyərdər, xonçalar bəzəyərdilər. Şəkərbura, paxlava, qoğal bişirib-düşürərdilər. Deyərdilər ki, “Novruzda həyət-baca gərək təmiz olsun, hər yandan bərəkət ətri, Novruz təamlarının qoxusu gəlsin”. Sonra da bişirilən nemətlərdən pay ayırıb ehtiyacı olan qonum-qonşuya paylayardılar.
Və bu, hər çərşənbə təkrar olunardı. Məhəllədə tonqal alovlananda isə böyüklü-kiçikli hamı bir-birinə qarışar, bayram gecələri günlərə, gündüzlərə qarışardı.

O illərdən uzun zaman keçib. Nənəm isə artıq həyatda yoxdur...
Yaddaşıma həkk olmuş xoş xatirələr hər bahar gələndə yenidan canlanır və hətta bəzən özümün ata olduğumu da unudub Novruzun gəlişini bir uşaq sevinci, həyəcanı ilə gözləyirəm. Elə istəyirəm, elə gözləyirəm ki...
Gərgin iş günündən sonra yorğun halda evə qayıdırdım. “Od çərşənbəsi” axşamıydı. Düşünmüşdüm ki, evə çatan kimi oğlumla birgə tonqal qalayaram, ocağın tüstüsünü qoxlayıb, istisində uşaqlığıma dönərəm...
Evə getməyinə getdim, oğlumu da götürdüm. Amma nə o tonqallar vardı, nə də hər ocaqdan məhəlləyə yayılan bərəkət ətri. Uşaq da əlimi dartışdırıb evə tərəf çəkirdi. Görünür, illər təkcə mənim yaşıma, başıma deyil, Novruza da, bəzi adətlərimizə də çəki-düzən verib...

T.Əlizadə





Çap et  Çap et