Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.02.2019

Bayram gəlir...

“Boz at”ın belində
Novruz qabağı keçirilən mərasimlərdən biri Xıdır Nəbi (Xızır İlyas) bayramıdır. Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb.
Qədim xalq mərasimlərindən olan Xıdır Nəbi (Xızır İlyas) bayramı çillə günlərinə təsadüf edir. Bu bayram "qışın oğlan çağında", kiçik çillənin onuncu günü, Novruzdan altı həftə əvvəl qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevralın 19-na qədər olduğundan Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə, bəzi kəndlərdə isə 14-ü, 15-i Xızır İlyasın doğulduğu gün keçirilir.

Xızır Ilyas və ya Xıdır Nəbi adlandırılan bu bayram bir-birindən cüzi fərqlərlə, demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır Ilyas, adətən, təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi, Xıdır Nəbi isə bir şəxsiyyət olaraq «suyun, külək və havanın himayəçisi» kimi təqdim olunur.
Bu bayramın çox qədim tarixi var. Qədim (İslamdan öncəki) xalq etiqadına görə, Xıdır Nəbi həm də xeyirxah-sehrli qüvvə, “suyun, külək və havanın himayəçisi” sayılıb, Xızır peyğəmbərlə eyniləşdirilir.

Bayrama hazırlıq günləri öncədən başlayarmış. Xalq arasında bu inam vardı ki, Xıdır Nəbi Boz atında gələcək. O gələrkən evlərdə mütləq bayram əhvali-ruhiyyəsi görməlidir. Əgər belə olmasa, o, küsüb gedər. Xıdırın küsüb getməsi ilə bahar gecikər. Nəticədə isə ruzi-bərəkət azalar. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq, bayram tədarükü görülür. “Xıdır Nəbi” mərasimi süfrəsinin əsas atributları səməni, qovurğa, qovut, boyadılmış yumurta, xəşil, düyüdən hazırlanmış yeməklər olur.

Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovrulur, Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib torba, papaq atır, Xıdırın payını yığırlar.
Xıdırın boz at minməsinə "Kitabi-Dədə Qorqud" dastanında da rast gəlirik. «Kitabi – Dədə Qorqud» dastanının «Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub getdiyi səhnəsində «Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır olur. Üç dəfə yarasını əliylə sığallayıb: «Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir»- deyib yox olur.
İnsanlar daim çıxılmaz vəziyyətdə qalanda boz atlı Xıdırı arzulamış, o isə öz köməyini əsirgəməmiş, onlara yol göstərmişdir.

İnama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir.
Digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram Hıdır-Ellez adını tutub, may ayının 6-da dəniz kənarına gedilir. İnanca görə, Xıdırdan nə istənilsə, onun rəsmini çəkib dənizə atırlar. Balkanlardakı müsəlman-türk xalqları arasında aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində Xıdır Nəbi bayramı, Anadolunun digər ərazilərindən fərqli olaraq, may ayının 6-da yox, Naxçıvanda olduğu kimi, fevral ayında qeyd edilir. Axıska türkləri arasında da Xıdır Nəbi bayramı fevral ayında keçirirlər. Qazaxlarda Xıdır inancı Novruz bayramı ilə eyni gündə qeyd edilir.

Qoy, yaşanan hər günümüz bayram əhval-ruhiyyəli, bayram sevincli olsun! Zəngin mədəniyyətimizi, mənəvi dəyərlərimizi özündə birləşdirən “Xıdır Nəbi” bayramınız mübarək!

R.Əliyeva,
polis leytenantı





Çap et  Çap et